Hollivud ulduzu Nikolas Keyc məşhur rejissor Kristofer Nolanla bağlı maraqlı etiraf edib. Aktyor bildirib ki, 2002-ci ildə çəkilən “Insomnia” (“Yuxusuzluq”) filmində rol almaqdan imtina etdikdən sonra Nolan bir daha ona əməkdaşlıq təklif etməyib.
“Oskar” mükafatçısı olan aktyor The New York Times-a müsahibəsində qeyd edib ki, bəzi rejissorlar aktyorlardan “yox” cavabı eşidəndən sonra bunu şəxsi qəbul edir və münasibətləri davam etdirmirlər.
“Bir çox rejissor bundan inciyir”
Nikolas Keycin sözlərinə görə, belə hallar karyerası boyunca dəfələrlə yaşanıb:
“Bir çox rejissor aktyorun imtinasını qəbul edə bilmir. Mən bunu Kristofer Nolan, Vudi Allen və Pol Tomas Andersonla yaşamışam. Layihədən imtina etdikdən sonra artıq mənə zəng etmədilər”, – deyə aktyor bildirib.
Keyc əlavə edib ki, rejissor Devid O. Rassell bu baxımdan fərqli davranıb. Aktyorun sözlərinə görə, o, illər əvvəl Rassellin bir layihəsindən də imtina etsə də, rejissor sonradan yenidən onunla işləmək istəyib.
“Həqiqətən çox peşəkar addım idi. Yenidən mənə zəng edib layihəyə dəvət etməsi xoşuma gəldi. Mən də ikinci dəfə ona “yox” demək istəmədim”, – deyə Keyc vurğulayıb.
Hazırda Nikolas Keyc Devid O. Rassellin rejissorluq etdiyi “Madden” filmində rol alır. Film Amerika futbolu əfsanəsi Con Maddenin həyatından və məşhur “Madden NFL” videooyun seriyasının yaranma tarixindən bəhs edir.
Yeni filmə böyük maraq var
“Madden” layihəsində Keyclə yanaşı Kristian Beyl, Con Mulaney, Sienna Miller, Ketrin Han, Şeyn Gillis və Coel Mürrey kimi tanınmış aktyorlar da çəkilib. Filmin premyerasının 26 noyabr 2026-cı ildə keçirilməsi planlaşdırılır.
Nikolas Keycin son açıqlamaları isə Hollivudda rejissor-aktyor münasibətləri və uğursuz əməkdaşlıqlar mövzusunu yenidən gündəmə gətirib.





