EvŞou-biznesMetyu Perrinin köməkçisi həbs edildi: aktyorun ölümü ilə bağlı son hökm açıqlandı

Metyu Perrinin köməkçisi həbs edildi: aktyorun ölümü ilə bağlı son hökm açıqlandı

“Dostlar” serialının ulduzu Metyu Perrinin ölümü ilə bağlı aparılan məhkəmə prosesində sonuncu təqsirləndirilən şəxs barədə də hökm çıxarılıb. Aktyorun şəxsi köməkçisi Kennet İvamasaya 41 ay həbs cəzası verilib.

Məhkəmənin qərarına əsasən, o, həbs müddətindən sonra iki il nəzarət altında qalacaq və əlavə olaraq 10 min dollar məbləğində cərimə ödəyəcək.

İstintaq materiallarında qeyd olunub ki, Perrinin ölümündən bir neçə gün əvvəl İvamasa aktyora ən azı 27 dəfə ketamin inyeksiyası edib. Onlardan üçünün aktyorun öldüyü gün həyata keçirildiyi bildirilib.

Prokurorluq: təhlükəni bilsə də, davam edib

Araşdırma zamanı məlum olub ki, Kennet İvamasa Metyu Perrinin illərlə narkotik asılılığı ilə mübarizə apardığını bilirdi. Buna baxmayaraq, o, aktyor üçün ketamin əldə edilməsini təşkil etməyə davam edib və bu məqsədlə qısa müddətdə on minlərlə dollar xərclənib.

Prokurorların sözlərinə görə, köməkçi bir neçə dəfə Perrini evində huşsuz vəziyyətdə tapsa da, vəziyyətin ciddiliyinə lazımi reaksiya verməyib. Hətta böyük dozalı inyeksiyalardan sonra aktyorun danışmaq qabiliyyətini itirdiyi də qeyd olunub.

Məhkəmədə çıxış edən hakim Şerilin Pis Qarnett müdafiə tərəfinin “o, Perriyə yox deyə bilmirdi” arqumentini qəbul etməyib:

“O, yox deyə bilmirdi yox, demək istəmirdi”.

İş üzrə bütün təqsirləndirilənlərə hökm oxunub

İstintaqın məlumatına görə, ketamin aktyora müxtəlif vasitəçilər və həkimlər vasitəsilə çatdırılıb. Bu iş üzrə narkotik satıcısı Cəsvin Sanqa, həkimlər Salvador Plasensiya və Mark Çavez, eləcə də vasitəçi Erik Fleminq də müxtəlif həbs və nəzarət cəzaları alıblar.

Metyu Perrinin anası Syuzan Morrison məhkəməyə göndərdiyi məktubda bildirib ki, İvamasa ailənin etibarını doğrultmayıb və aktyora yardım etmək əvəzinə onun asılılığını daha da dərinləşdirib.

Qeyd edək ki, Metyu Perri 2023-cü ilin oktyabrında Los-Anceles yaxınlığındakı evində vəfat etmişdi. Tibbi ekspertiza onun ölüm səbəbi kimi ketamin təsiri nəticəsində ürək-damar və tənəffüs sistemində yaranan problemləri göstərmişdi.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər