Azərbaycanda fəaliyyət göstərən xarici sosial şəbəkələr və digər rəqəmsal platformalar üçün yeni hüquqi öhdəliklər müəyyənləşdirilir. Milli Məclisin növbədənkənar sessiyasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna, eləcə də İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər üçüncü oxunuşda qəbul olunub.
Yeni qaydalar platformaların ölkədə hüquqi qeydiyyatı, dövlət qurumları ilə əməkdaşlığı və qanunvericiliyin tələblərinə əməl etməsini nəzərdə tutur. Qanun layihəsi rəqəmsal xidmət təminatçılarının fəaliyyətinin tənzimlənməsinə yönəlib.
Platformalar üçün yeni öhdəliklər müəyyənləşdirilir
Qəbul edilən dəyişikliklərə əsasən, Azərbaycan ərazisində istifadəçilərə xidmət göstərən provayderlər fiziki şəxs olduqları halda vergi uçotuna durmalı, xarici hüquqi şəxs olduqları halda isə ölkədə filial və ya nümayəndəlik yaradaraq dövlət qeydiyyatından keçməlidirlər.
Bundan əlavə, xidmət təminatçıları:
- dövlət qurumlarının operativ əlaqə saxlaya bilməsi üçün əlaqə mərkəzi yaratmalıdır
- həmin əlaqə mərkəzi vasitəsilə müraciətlərin dövlət dilində qəbulunu təmin etməlidir
- səlahiyyətli dövlət orqanlarının sorğularını 5 iş günü ərzində cavablandırmalı və tələb olunan məlumatları tam şəkildə təqdim etməlidir
Qanuna əsasən, xarici şirkətin Azərbaycanda yaratdığı filial və ya nümayəndəlik onun adından kommersiya fəaliyyəti göstərə bilməyəcək. Bu qurum yalnız dövlət orqanları, fiziki və hüquqi şəxslərlə münasibətlərdə provayderi təmsil etmək və onun qanuni maraqlarını qorumaq səlahiyyətinə malik olacaq.
Tələblərə əməl etməyən platformaları hansı sanksiyalar gözləyir?
Yeni mexanizm öhdəlikləri yerinə yetirməyən provayderlər üçün mərhələli sanksiyalar tətbiqini nəzərdə tutur. Əgər platforma qanunda göstərilən tələbləri müəyyən olunmuş müddətdə yerinə yetirməzsə, aşağıdakı tədbirlər tətbiq ediləcək:
- yazılı xəbərdarlıq
- 100 min manat maliyyə sanksiyası
- daha sonra 300 min manat əlavə maliyyə sanksiyası
- Azərbaycanda fəaliyyət göstərən vergi ödəyicilərinin həmin platformada reklam yerləşdirməsinə qadağa
- məhkəmə qərarı ilə internet trafikinin əvvəlcə 20 faiz, sonra 50 faiz, son mərhələdə isə 90 faiz azaldılması
Qanunda həmçinin göstərilir ki, provayder tələbləri internet trafikinin 50 faiz azaldılması mərhələsinə qədər yerinə yetirərsə, tətbiq olunan maliyyə sanksiyalarının yalnız dörddə biri qüvvədə qalacaq, ödənilmiş məbləğin qalan hissəsi isə geri qaytarılacaq. Reklam və trafik məhdudiyyətləri də 24 saat ərzində ləğv ediləcək.
Məhkəmələrin internet trafikinin məhdudlaşdırılması ilə bağlı müraciətlərə 5 gün ərzində baxacağı və qəbul edilən qərarın dərhal qüvvəyə minəcəyi də qanunda öz əksini tapıb. Apellyasiya şikayəti verilməsi qərarın icrasını dayandırmayacaq. Yeni dəyişikliklər Milli Məclisdə səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.





