Azərbaycanda yeni inşa olunacaq yaşayış və qeyri-yaşayış obyektləri üçün parklanma yerlərinin minimum sayı rəsmən müəyyənləşdirilib. Bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “Yaşayış və qeyri-yaşayış obyektləri (kompleksləri, zonaları) üçün parklanma yerlərinin minimal sayının məcburi kvotası”nı təsdiqləyib. Yeni tələblərin əsas məqsədi yaşayış komplekslərində, ticarət obyektlərində, təhsil və səhiyyə müəssisələrində avtomobil dayanacağı çatışmazlığını azaltmaq və şəhərsalma standartlarını təkmilləşdirməkdir.
Qərara əsasən, müxtəlif təyinatlı tikililər üçün aşağıdakı minimum parklanma normaları müəyyən edilib:
- Çoxmənzilli yaşayış binalarında hər mənzil üçün minimum 1 avtomobil yeri ayrılmalıdır
- Sahəsi 180 kvadratmetrdən böyük olan mənzillər üçün minimum 1,3 avtomobil yeri nəzərdə tutulur
- Fərdi yaşayış evləri üçün ən azı 1 parklanma yeri yaradılması tələb olunur
- Ofis binaları, hüquq şirkətləri, sığorta təşkilatları və banklarda hər 50 kvadratmetr ümumi sahəyə görə 1 avtomobil yeri ayrılmalıdır
- Dövlət qurumlarında hər 75 kvadratmetr sahəyə 1 parklanma yeri nəzərdə tutulur
- Bələdiyyə binalarında isə hər 100 kvadratmetr ümumi sahəyə görə 1 avtomobil yeri ayrılması məcburidir
Ticarət, təhsil və səhiyyə obyektləri üçün də yeni kvotalar tətbiq edilir
Yeni qaydalar digər obyektləri də əhatə edir. Böyük mağazalarda 200 kvadratmetrdən artıq olan hər 50 kvadratmetr sahəyə görə bir avtomobil yeri ayrılmalıdır. Topdansatış bazarlarında və bazarlarda hər 100 kvadratmetr sahəyə üç parklanma yeri tələb olunur. Restoranlarda hər 50 kvadratmetr, kafelərdə isə hər 75 kvadratmetr sahə üçün bir avtomobil yeri nəzərdə tutulub. Şadlıq sarayları üçün norma daha yüksək müəyyənləşdirilib və hər 30 kvadratmetr sahəyə bir parklanma yeri yaradılması məcburidir.
Təhsil və səhiyyə müəssisələri də yeni kvotalara daxil edilib. Məktəbəqədər və ümumtəhsil müəssisələrində hər 300 kvadratmetr, ali və orta ixtisas təhsil müəssisələrində isə hər 200 kvadratmetr sahəyə görə bir avtomobil yeri ayrılmalıdır. Poliklinikalarda hər 100 kvadratmetr sahə üçün bir, xəstəxanalarda isə hər beş çarpayıya bir parklanma yeri nəzərdə tutulur.
Ekspert: Yeni tələblər mənzil qiymətlərinə təsir göstərə bilər
Daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadənin sözlərinə görə, yeni qərar paytaxtda uzun illərdir mövcud olan parklanma probleminin həllinə yönəlmiş mühüm addımdır.
Onun fikrincə, indiyədək hündürmərtəbəli yaşayış binalarında parklanma yerlərinin yaradılması əsasən tövsiyə xarakteri daşıyırdı və bu səbəbdən sakinlərin böyük hissəsi avtomobillərini bina ərazisində saxlaya bilmirdi. Eyni problem binanın aşağı mərtəbələrində yerləşən ofis və ticarət obyektlərinə gələn insanlar üçün də aktual idi.
Ekspert hesab edir ki, yeni tələblər tikinti şirkətlərini daha geniş torpaq sahələri ayırmağa və daha böyük yeraltı parkinqlər inşa etməyə məcbur edəcək. Bu isə tikinti xərclərinin artmasına səbəb ola bilər. Onun sözlərinə görə, əlavə xərclər gələcəkdə həm yeni mənzillərin, həm də ofis sahələrinin qiymətlərinə təsir göstərə və bazarda bahalaşma yarada bilər. Bununla yanaşı, yeni normativlərin uzunmüddətli perspektivdə şəhərlərdə nəqliyyat sıxlığının və nizamsız parklanmanın azalmasına töhfə verəcəyi gözlənilir.





