EvCəmiyyətDİM II və III ixtisas qrupları üzrə qəbul nəticələrini açıqladı

DİM II və III ixtisas qrupları üzrə qəbul nəticələrini açıqladı

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 5-də keçirilmiş II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrini elan edib. Abituriyentlər artıq topladıqları balla yanaşı, cavab kartı, cavab vərəqəsinin qrafik təsviri və açıq tipli tapşırıqların qiymətləndirilmə meyarları ilə də tanış ola bilərlər. Nəticələri həmçinin mobil operatorlar vasitəsilə 7727 nömrəsinə göndərilən imtahan kodu ilə öyrənmək mümkündür.

DİM-in məlumatına əsasən, imtahanda iştirak üçün ərizəsini təsdiqləyən 41 623 nəfərdən 18 908-i II, 22 715-i isə III ixtisas qrupu üzrə qeydiyyatdan keçib. Onlardan 1 182 nəfər imtahana gəlməyib, 16 abituriyent isə qaydaları pozduğuna görə imtahandan xaric olunaraq nəticələri ləğv edilib.

Ən yüksək nəticə göstərən abituriyentlər müəyyənləşib

II ixtisas qrupu üzrə imtahanın maksimum nəticəsi olan 400 balı Laçın rayon Oğuz tam orta məktəbinin məzunu İsbəndiyarlı Paşa Araz oğlu əldə edib. O, qəbul imtahanının birinci mərhələsində 277,3 bal toplayıb.

Hər iki mərhələnin yekun nəticəsinə görə isə II ixtisas qrupu üzrə ən yüksək göstərici 690 bal olub. Bu nəticəni Sumqayıt şəhər 35 nömrəli tam orta məktəbin məzunu Kərimov Zamin Ramin oğlu qazanıb. O, birinci mərhələdə 297,5, ikinci mərhələdə isə 392,5 bal toplayıb.

III ixtisas qrupu üzrə isə 400 bal nəticə göstərən üç nəfər var:

  • Məmmədzadə Əli Musa oğlu – Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyası
  • Məmmədova Aydan İxtiyar qızı – Şəmkir rayonu Kür qəsəbə orta məktəbi
  • Mənsimli Orxan Zaur oğlu – Abşeron rayonu Saray qəsəbə 1 nömrəli tam orta məktəb

Aydan Məmmədova qəbul imtahanının birinci mərhələsində 279,6, Orxan Mənsimli isə 276,1 bal toplayıb. Hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə ən yüksək nəticə isə 689,6 bal göstərən Məmmədzadə Əli Musa oğluna məxsusdur. O, birinci mərhələdə 289,6 bal toplayıb.

Apellyasiya müraciətləri iyulun 20-dən qəbul olunacaq

Xatırladaq ki, qəbul imtahanının birinci mərhələsində maksimum 300, ikinci mərhələsində isə 400 bal toplamaq mümkündür və yekun müsabiqə nəticəsi hər iki mərhələdə əldə olunan balların cəmi əsasında hesablanır.

İmtahan nəticələrindən narazı qalan abituriyentlər DİM-in Apellyasiya Komissiyasına elektron qaydada müraciət edə biləcəklər. Qeydiyyat 20 iyul saat 10:00-dan 22 iyul saat 17:00-dək DİM-in rəsmi internet səhifəsində aparılacaq. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməyən şəxslərin sonradan apellyasiya müraciəti etməsi mümkün olmayacaq.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər