EvMədəniyyətŞuşada günəş enerjisi ilə işləyən "Kitab dayanacağı" açılıb

Şuşada günəş enerjisi ilə işləyən “Kitab dayanacağı” açılıb

Şuşa şəhərində sakinlər və turistlər üçün yeni ictimai məkan istifadəyə verilib. Şəhərin mərkəzində fəaliyyətə başlayan “Kitab dayanacağı” açıq hava kitabxanası konsepsiyası əsasında yaradılıb və günəş enerjisi ilə işləyən ilk bu tip layihələrdən biri kimi diqqət çəkir.

Layihənin əsas məqsədi Şuşanın zəngin ədəbi irsini təbliğ etmək, mütaliə mədəniyyətini təşviq etmək və şəhərə gələn qonaqlar üçün kitablara sərbəst çıxış imkanı yaratmaqdır. Təşəbbüs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “Azercell Telekom” MMC və “Aztelekom” MMC-nin tərəfdaşlığı ilə həyata keçirilib.

Layihə şirkətin ESG strategiyası çərçivəsində hazırlanıb və tamamilə günəş enerjisi hesabına fəaliyyət göstərir. “Kitab dayanacağı” günün 24 saatı açıq olacaq. Burada təqdim olunan kitablardan hər kəs ödənişsiz istifadə edə biləcək. Bundan əlavə, köşk pulsuz Wi-Fi xidməti ilə təmin olunub, həmçinin mobil telefon və digər cihazların enerji ilə doldurulması üçün xüsusi məntəqələr quraşdırılıb.

Açılış Vaqif Poeziya Günləri çərçivəsində keçirilib

Yeni məkanın açılışı Vaqif Poeziya Günləri çərçivəsində baş tutub. Tədbirdə Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov və “Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova iştirak ediblər. “Kitab dayanacağı”nın ilk qonağı isə Xalq şairi Vahid Əziz olub. Açılışdan sonra Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseynin moderatorluğu ilə şairlə görüş keçirilib, Vahid Əziz yaradıcılığı haqqında danışıb, şeirlərini səsləndirib və iştirakçıların suallarını cavablandırıb.

Tədbirdə çıxış edən Sona Abbasova bildirib: “Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa əsrlər boyu ölkəmizdə ədəbi-bədii fikrin və mütaliə ənənələrinin formalaşmasında xüsusi rol oynayıb. İnanırıq ki, “Kitab dayanacağı” hər kəs üçün açıq və müasir ictimai məkan kimi Şuşanın zəngin mütaliə mədəniyyətinin yaşadılmasına, milli-mədəni irsin qorunaraq gələcək nəsillərə ötürülməsinə öz töhfəsini verəcək. Günəş enerjisi ilə işləyən bu layihə eyni zamanda ətraf mühitə məsuliyyətli yanaşmanı təşviq edərək şəhərin dayanıqlı inkişafına xidmət edəcək”.

“Kitab dayanacağı” Şuşanın Qarabağ küçəsində yerləşir və şəhərin mədəni həyatına yeni töhfə verməklə yanaşı, “yaşıl enerji” prinsiplərinə əsaslanan ictimai layihələrin genişləndirilməsi istiqamətində atılan növbəti addımlardan biri hesab olunur.

Şuşada günəş enerjisi ilə işləyən "Kitab dayanacağı" açılıb
Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər