Azərbaycanda mopedlərin istifadəsi ilə bağlı qanunvericilikdə mühüm dəyişikliklər qüvvəyə minib. Yeni tələblərə əsasən, bu nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması, onlara qeydiyyat nişanının verilməsi və sürücülərin müvafiq kateqoriyalı sürücülük vəsiqəsinə malik olması məcburi olacaq. Dəyişikliklər Prezident İlham Əliyevin imzaladığı qanunla təsdiqlənib və yol hərəkətinin təhlükəsizliyinin artırılmasına xidmət edir.
Qanun mopedlərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, habelə bu nəqliyyat vasitələrinin hüquqi tənzimlənməsinin gücləndirilməsi məqsədilə hazırlanıb.
Yeni qaydalara əsasən, mopedi idarə etmək istəyən şəxslər “A1” kateqoriyalı sürücülük vəsiqəsinə, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə və dövlət qeydiyyat nişanına sahib olmalıdırlar. Bununla yanaşı, avtomobil sürücüləri üçün nəzərdə tutulan bir sıra hüquq və öhdəliklər bundan sonra moped sürücülərinə də şamil ediləcək.
Dövlət qeydiyyatı və icbari sığorta da tətbiq olunacaq
Qanunvericiliyə edilən dəyişikliklər mopedlərin dövlət qeydiyyatına alınması, texniki baxışdan keçirilməsi, sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi, dövlət qeydiyyat nişanlarının təqdim olunması ilə bağlı dövlət rüsumlarının mövcud tariflər əsasında müəyyənləşdirilməsini də nəzərdə tutur.
Eyni zamanda, qeydiyyatdan keçmiş mopedlər üçün üçüncü şəxslər qarşısında mülki məsuliyyət üzrə icbari sığorta tələbi tətbiq ediləcək. Bu yeniliklər mopedlərin digər nəqliyyat vasitələri ilə eyni hüquqi çərçivədə fəaliyyət göstərməsinə imkan yaradacaq.
Qanunda moped anlayışı da dəqiqləşdirilib. Sənədə əsasən, kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, elektrik mühərriki ilə təchiz olunan və ya mühərrikinin işçi həcmi 50 kubsantimetrdən çox olmayan, maksimal konstruktiv sürəti isə saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitələri moped hesab edilir. Yeni tələblərin tətbiqi ilə bu nəqliyyat vasitələrinin istismarı üzərində nəzarətin gücləndirilməsi və yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin daha effektiv təmin olunması hədəflənir.





