Bakıda və Abşeron yarımadasında kanalizasiya və tullantı suları infrastrukturunun yenilənməsi istiqamətində genişmiqyaslı layihələrin icrası davam edir. Azərbaycan Respublikası Prezidentinin təsdiqlədiyi “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Lökbatan hövzəsində yeni gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğunun tikintisini həyata keçirir. Layihə paytaxtın kanalizasiya sisteminin müasirləşdirilməsində əsas mərhələlərdən biri hesab olunur.
Agentliyin məlumatına görə, layihə çərçivəsində ümumi uzunluğu 23 kilometr olan kanalizasiya kollektoru və sutkalıq 100 min kubmetr gücündə tullantı sutəmizləyici qurğu inşa edilir. İri Şəhərlərin Su Təchizatının mətbuat katibi Ceyhun Musaoğlu bildirib ki, layihə istifadəyə verildikdən sonra Xocəsən, Sulutəpə, Şonqar, Lökbatan, Yasamal, Badamdar, Bayıl və Bibiheybət yaşayış massivlərinin kanalizasiya sistemi daha etibarlı şəkildə fəaliyyət göstərəcək. Onun sözlərinə görə, görülən işlər Bakı buxtası ilə yanaşı, Xocəsən, Qırmızı, Qu və Lökbatan göllərinin ekoloji vəziyyətinin yaxşılaşmasına da mühüm töhfə verəcək.
Tikinti işlərinin yarısı artıq tamamlanıb
Məlumata əsasən, layihənin icrasına 2025-ci ildə start verilib və tikintinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır. Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin böyük məsləhətçisi, mühəndis Mürsəl Ələşrəfov bildirib ki, kompleksdə nasos stansiyası, kobud və incə barmaqlıqlar, qum və yağtutucular, biofosfor və havalandırma hovuzları, son durulducu sistemlər, disk filtrlər və ultrabənövşəyi şüalarla dezinfeksiya (UVE) qurğusu tikilir. Onun sözlərinə görə, təmizlənmiş tullantı suları UVE mərhələsindən keçdikdən sonra zərərli mikroorqanizmlər tam zərərsizləşdirilərək dənizə yönləndiriləcək.
Layihə çərçivəsində dənizdə diametri 1600 millimetr, uzunluğu 2,7 kilometr olan metal boru xətti çəkiləcək, həmçinin obyektin enerji təminatı üçün xüsusi enerji mərkəzi və 6 kilovoltluq elektrik şəbəkəsi yaradılacaq. Hazırda qum və yağtutucu qurğularında armatur və qəlib işləri, biofosfor və havalandırma hovuzlarının tikintisi, temperatur tikişlərinin izolyasiyası, eləcə də inzibati binanın hörgü işləri davam etdirilir. Rəsmi məlumata görə, Lökbatan kollektoru üzrə tikinti işlərinin artıq 50 faizi yekunlaşıb. Layihənin tam başa çatması tullantı sularının ekoloji standartlara uyğun təmizlənməsini təmin etməklə yanaşı, ətraf mühitin qorunmasına və əhalinin sanitariya şəraitinin yaxşılaşdırılmasına da mühüm töhfə verəcək.





