İtaliya rəqəmsal texnologiyalardan və sosial şəbəkələrdən həddindən artıq istifadənin qarşısını almaq üçün mühüm addım atır. Florensiyada “Discover – Out of the Shell” adlı layihə çərçivəsində ölkənin rəqəmsal asılılıqla mübarizəyə həsr olunmuş ilk ixtisaslaşmış mərkəzi yaradılır. Təşəbbüs əsasən 10–25 yaş arasında olan uşaq və gənclərin sağlam rəqəmsal vərdişlər formalaşdırmasına kömək etməyi hədəfləyir. Mərkəzin payız aylarında fəaliyyətə başlaması planlaşdırılır.
Layihə Florensiya Bələdiyyəsi, ASL Toscana Centro səhiyyə qurumu və Retesviluppo kooperativinin əməkdaşlığı ilə həyata keçirilir. Burada gənclər və valideynlər üçün fərdi məsləhətlər, media savadlılığı üzrə təlimlər, eləcə də rəqəmsal mühitdən uzaqlaşmağa kömək edən müxtəlif sosial fəaliyyətlər təşkil olunacaq. Proqrama stolüstü oyunlar, yaradıcı emalatxanalar, əl işləri və qrup məşğələləri daxildir.
Layihənin əsas məqsədi qadağa deyil, balanslı istifadədir
Retesviluppo təşkilatının prezidenti Ester Makri bildirib ki, layihənin məqsədi gənclərə sadəcə məhdudiyyətlər qoymaq deyil, onları texnologiyadan şüurlu şəkildə istifadə etməyə təşviq etməkdir. Onun sözlərinə görə, “Biz sadəcə qadağalar tətbiq etməyəcəyik. İnnovativ yanaşmamız iki əsas prinsipə söykənir: idarə olunan rəqəmsal fasilələr və texnologiyadan şüurlu istifadə. Məqsəd gəncləri passiv istehlakçılardan öz həyatlarının aktiv iştirakçılarına çevirməkdir.” Mərkəz həmçinin müəllimlər və valideynlər üçün də açıq olacaq, mürəkkəb psixoloji və sosial təcrid hallarında isə xüsusi xidmətlərlə koordinasiyalı dəstək göstəriləcək.
İtaliya bu sahədə daha çox profilaktik yanaşmaya üstünlük versə də, Avropanın müxtəlif ölkələrində sosial şəbəkələrin azyaşlılar üçün məhdudlaşdırılması istiqamətində qanunvericilik təşəbbüsləri genişlənir. Fransa 15 yaşadək uşaqlar üçün sosial şəbəkələrə qadağa tətbiq edən ilk Avropa ölkəsi olub. Avropa Komissiyası da yetkinlik yaşına çatmayanların internetdə daha yaxşı qorunmasını nəzərdə tutan tədbirləri dəstəkləyir.





