ABŞ-ın SpaceX, Tesla və xAI şirkətlərinin rəhbəri İlon Mask hesab edir ki, süni intellektin inkişaf tempi yaxın illərdə görünməmiş səviyyəyə çatacaq. Onun fikrincə, təxminən beş il ərzində AI sistemləri bütün insanların ümumi intellekt potensialını geridə qoya bilər. Mask bu fikirlərini The Economist nəşrinə verdiyi müsahibədə səsləndirib.
Milyarder bildirib ki, cəmiyyət hələ də bu texnologiyanın inkişaf sürətini tam qiymətləndirmir. “İnsanlar dediklərimin gerçəkləşəcəyini dərk etmirlər”, – deyə o vurğulayıb. Maskın sözlərinə görə, süni intellekt həm böyük imkanlar yaradır, həm də müəyyən narahatlıqlar doğurur.
Buna baxmayaraq, o, gələcəyə nikbin yanaşdığını və AI-nin insanlıq üçün misilsiz iqtisadi bolluq formalaşdıracağına inandığını qeyd edib. Onun fikrincə, növbəti on il ərzində robotlar və süni intellekt həm fiziki, həm də zehni əmək tələb edən işlərin böyük hissəsini yerinə yetirəcək, nəticədə işləmək insanlar üçün məcburiyyət deyil, şəxsi seçim olacaq.
Mask AI təhlükəsizliyi üçün beynəlxalq əməkdaşlıq təklif edir
İlon Mask müsahibəsində süni intellektin təhlükəsiz inkişafının yalnız beynəlxalq əməkdaşlıq sayəsində mümkün olacağını da bildirib. O, ABŞ və Çin də daxil olmaqla aparıcı AI şirkətlərinin yeni modelləri istifadəyə verməzdən əvvəl bir-birinin sistemlərini yoxlamasını və aşkar edilən risklər barədə hökumətləri məlumatlandırmasını təklif edib. Mask hesab edir ki, bu cür qarşılıqlı ekspertiza potensial təhlükələrin vaxtında müəyyən edilməsinə kömək edə bilər.
O, həmçinin uzun müddətdir hüquqi mübahisələr apardığı OpenAI şirkətinin rəhbəri Sem Altmanla belə əməkdaşlığa hazır olduğunu vurğulayıb. “Günün sonunda danışmalı olsaq, danışacağıq. Dünya naminə şəxsi fikir ayrılıqlarımızı bir kənara qoya bilərik”, – deyə Mask bildirib. Bundan başqa, sahibkar Çin şirkətlərinin enerji infrastrukturu və robot istehsalı sahəsində üstünlükləri sayəsində gələcəkdə süni intellekt yarışında lider mövqeyə yüksələ biləcəyini istisna etməyib.
Müsahibədə ABŞ siyasətində həddindən artıq fəallaşdığını etiraf edən Mask, həmçinin Böyük Britaniyada qarşıdakı 20 il ərzində ciddi daxili gərginliklərin yarana biləcəyini də proqnozlaşdırıb.





