Televiziya aparıcısı Nigar Fərhad onu təhqir edən şəxslərə qarşı məhkəmə iddiası qaldırmağa hazırlaşır. Kanal S telekanalının aparıcısı sosial şəbəkə hesabında yayımladığı paylaşımda bu barədə məlumat verib.
Daylinews-Az xəbər verir ki, jurnalist bildirib: “Vəkillərim artıq sübutlar toplayır və geniş bir iddia ərizəsi hazırlayır. Mənə qarşı təhqiramiz ifadələr işlədən hər kəsə qarşı hüquqi addım atacağam. Dünən qəsdən imkan verdim ki, kim nə qədər irəli gedəcək, görə bilim. Qanun pozuntusuna yol vermədiyim üçün rahat idim. Sadəcə fikrimi sərbəst şəkildə bildirdim və bu fikir sonradan təhrif edildi“.
O, fikirlərini belə davam etdirib: “Mən ağappaq qar kimi təmiz və su kimi şəffaf idim. Sadəcə gözlədim ki, kim içini necə boşaldacaq. Hər birini tanımaq maraqlı oldu“.
Aparıcının sözlərinə görə, hüquqşünaslar sosial şəbəkələrdə yayılan ilk paylaşımın kim tərəfindən başladıldığını araşdırır.
Xatırladaq ki, Nigar Fərhad Kanal S-də yayımlanan “Sözün bitdiyi an” verilişində mübahisə doğuran bəyanatla çıxış etmişdi: “Əgər oğlum olsaydı, atası olmayan bir qızla evlənməsinə razı olmazdım. Mən ailəmdə həmişə evdə kişinin kişi olduğunu görmüşəm. Kişinin kişiliyi olmalıdır. Ərini qəbul edə bilməyən qadın heç kimin oğlunu xoşbəxt edə bilməz”.
Bu açıqlama sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuş, istifadəçilər aparıcının mövqeyini qeyri-peşəkar və cəmiyyətə zidd hesab edərək sərt tənqid etmişdilər. Məsələyə cavab olaraq, Milli Televiziya və Radio Şurası Kanal S-in yayımını 24 saatlıq dayandırmışdı.





