İngiltərə Premyer Liqasının 36-cı turunda “Lester”lə oyunda (2:2) ağır zədə alan “Nottingem Forest”in hücumçusu Tayvo Avoniyi süni komaya salınıb.
Hadisə matçın ikinci hissəsində baş verib. Daily Mail-in məlumatına görə, 26 yaşlı nigeriyalı futbolçu qapının dirəyinə çırpılıb. Yaralanmasına baxmayaraq, oyunçu bir müddət mübarizəni davam etdirib, lakin vəziyyəti pisləşdiyi üçün əvəzlənib.
Az sonra Avoniyi təcili şəkildə xəstəxanaya çatdırılıb. Həkimlər futbolçunun qarın boşluğunda əməliyyat aparıblar. Bildirilir ki, zədə son dərəcə təhlükəli xarakter daşıyır və oyunçunun həyatına təhlükə yaradır.
Hazırda futbolçunun vəziyyəti ağır olaraq qiymətləndirilir.





