Sentyabrın 24-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirilən Yüksək Səviyyəli Həftə çərçivəsində Estoniya Respublikasının xarici işlər naziri Margus Tsahkna ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin məlumatına görə, görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, eləcə də postmünaqişə dövründə regiondakı mövcud vəziyyət müzakirə olunub.
Hər iki tərəf, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq əsasında inkişaf edən ikitərəfli münasibətlərin əhəmiyyətini vurğulayıb. Xarici işlər nazirlərinin müavinləri arasında keçirilən müntəzəm siyasi məsləhətləşmələrin siyasi dialoqun inkişafı üçün vacib olduğu qeyd edilib.
Nazir Ceyhun Bayramov, həmçinin, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 29-cu Konfransı (COP29) çərçivəsində ölkəmizdə həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib. O, Azərbaycan tərəfinin bu sessiya çərçivəsində Estoniya ilə əməkdaşlığa hazır olduğunu bildirib.
Görüş zamanı həmçinin postmünaqişə dövründə regionda mövcud vəziyyət, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi haqqında qarşı tərəfə məlumat verilib.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.