Sentyabrın 25-də Bakıda Karbon qiymətqoyma üzrə Beynəlxalq Forum öz işinə başlayıb.
Daylinews-az.com-ın verdiyi xəbərə görə, tədbir Azərbaycan İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti və Avropa Vergi Administrasiyaları Təşkilatı (IOTA) tərəfindən birgə təşkil olunub.
Forumda IOTA-ya üzv ölkələrin 40-dan çox yüksək vəzifəli vergi nümayəndələri, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC), Dünya Bankı, Beynəlxalq Valyuta Fondu (BVF), Avropa Komissiyası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), İqlim Dəyişikliyi və İnkişaf üzrə Beynəlxalq Mərkəz (ICCCAD) və Asiya İnkişaf Bankı kimi beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər.
İki gün davam edəcək Beynəlxalq Forumda karbon qiymətqoyma mexanizmləri, onların tətbiqi üzrə beynəlxalq təcrübə və yeni yanaşmalar müzakirə olunur.
Forumun açılışında Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, Dövlət Vergi Xidmətinin rəhbəri Orxan Nəzərli və BVF nümayəndəsi Marqaret Koton çıxış ediblər.
Forumun birinci günündə “Karbon qiymətqoymaya giriş və karbon vergiləri”, “Karbon vergisinin tətbiqi: dünya təcrübəsi”, “Karbon vergisinin iqtisadi təsiri” və “Karbon vergisinin istifadəsi və innovasiyalar” mövzularında sessiyalar keçirilib.
Sessiyalar zamanı karbon qiymətlərinin müəyyənləşdirilməsinə dair müxtəlif yanaşmalar, karbon vergiləri, emissiyalarla ticarət sistemləri və hibrid modellər, karbon qiymətqoyma siyasətinin inkişafı və digər iqlim təşəbbüsləri ilə inteqrasiya məsələləri müzakirə olunub.
Həmçinin təqdimatlar mövcud və yeni yanaşmalar, karbon vergisinin məqsədləri, onun iqtisadi nəticələri və texnoloji innovasiyaların rolu barədə olub.
Forumun ikinci günündə “Maraqlı tərəflərin baxışları və ictimai iştirakçılıq” və “Sərhəd karbon tənzimlənməsi mexanizmi (CBAM)” mövzularında sessiyalar keçiriləcək. Bu sessiyalarda karbon vergisinin sosial təsirləri, hökumət, biznes, qeyri-hökumət təşkilatları və cəmiyyət nümayəndələrinin fikirləri, eləcə də CBAM-ın iqtisadi və ekoloji təsirləri müzakirə olunacaq.
İki gün ərzində keçiriləcək forum çərçivəsində karbon qiymətqoyma üzrə beynəlxalq mexanizmlər və konstruktiv dialoq müzakirə olunacaq.