Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə Rusiya Günü münasibətilə təbrik məktubu göndərib. Daylinews-az.com xəbər verir ki, bu barədə məlumat President.az rəsmi saytında yayımlanıb. Dövlət başçısı məktubunda Vladimir Putinə səmimi arzularını çatdıraraq qeyd edib:
“Dövlət bayramı – Rusiya Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Azərbaycan və Rusiya xalqlarını əsrlər boyu ənənəvi sıx dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək münasibətləri birləşdirir. Bu gün həmin nəcib ənənələr dövlətlərarası əlaqələrimizin hərtərəfli inkişafı və məsələlərin geniş spektri üzrə əməkdaşlığın dərinləşdirilməsi üçün etibarlı bünövrədir.
Əminəm ki, dost xalqlarımızın və ölkələrimizin maraqları naminə biz bundan sonra da Azərbaycan–Rusiya münasibətlərinin möhkəmlənməsi, strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda çoxplanlı qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün bütün səyləri göstərəcəyik.
Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və uğurlar, Rusiyanın bütün vətəndaşlarına isə əmin-amanlıq və tərəqqi arzulayıram.”





