EvCəmiyyət“Sifarişiniz çatdırılıb”, “Pul qazandınız” mesajlarına aldanmayın – kibertəhlükə artır

“Sifarişiniz çatdırılıb”, “Pul qazandınız” mesajlarına aldanmayın – kibertəhlükə artır

Azərbaycanda kiberdələduzluq halları artmaqda davam edir və mütəxəssislər vətəndaşları naməlum mesajlara qarşı daha diqqətli olmağa çağırırlar. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin açıqladığı son statistikaya əsasən, 2026-cı ilin ilk altı ayında “AzStateNet” şəbəkəsində tətbiq olunan müasir təhlükəsizlik sistemləri vasitəsilə təxminən 8,5 milyon zərərli URL keçidi, eləcə də virus, casus proqram və digər zərərli fəaliyyət əlamətləri daşıyan 4 milyondan çox şəbəkə trafiki bloklanıb. Bundan başqa, “Sandbox” sistemi 64 mindən artıq zərərli faylı aşkarlayaraq zərərsizləşdirib.

Rəqəmlər göstərir ki, internet üzərindən həyata keçirilən dələduzluq cəhdləri getdikcə daha mürəkkəb xarakter alır. Xüsusilə saxta SMS-lər, fişinq keçidləri və sosial mühəndislik üsulları istifadəçilər üçün əsas risk mənbələrindən biri olaraq qalır.

Dələduzlar insanları necə aldadır?

Kibertəhlükəsizlik üzrə ekspert Fərid Əmirov bildirib ki, kiberdələduzluğun sürətlə yayılmasının əsas səbəblərindən biri cinayətkarların istifadə etdiyi alətlərin daha əlçatan olması və insanların gündəlik həyatının böyük hissəsinin rəqəmsal platformalara keçməsidir.

“Kiberdələduzluq son illərdə texnologiyanın sürətli inkişafı və gündəlik işlərimizin, bank ödənişlərimizin onlayn müstəviyə keçməsi səbəbindən kəskin şəkildə artıb.

İnsanlar ən çox saxta linklər (fişinq) və sosial mühəndislik üsullarının qurbanı olurlar. Dələduzlar adətən “Poçtunuz gəlib” və ya “Qazanc əldə etdiniz” kimi mesajlarla insanları saxta saytlara yönləndirir, yaxud özlərini bank və ya polis əməkdaşı kimi təqdim edərək telefonda SMS koda sahib çıxırlar.

Texnologiyanın inkişafı ilə dələduzlar yeni metodlara əl atırlar. Xüsusilə süni intellekt (AI) bu sahədə ciddi risk yaradır. Artıq süni intellekt vasitəsilə tanış insanların səsini və ya görüntüsünü oxşadaraq (deepfake) təcili pul istəyir, eləcə də tam səhvsiz və inandırıcı saxta mesajlar hazırlayırlar. Bu təhlükələrdən daha çox texnoloji savadlılığı az olan yaşlılar və oyun saytlarından zərərli proqramlar endirən gənclər əziyyət çəkir”.

Ekspert əlavə edib ki, istifadəçilər təcili qərar verməyə sövq edən, qorxu və ya yüksək qazanc vəd edən mesajlara xüsusilə şübhə ilə yanaşmalıdırlar. Onun sözlərinə görə, linkə daxil olmamışdan əvvəl internet ünvanını diqqətlə yoxlamaq vacibdir. Çünki kiberdələduzlar rəsmi səhifələrə çox bənzəyən saxta domen adlarından istifadə edirlər.

Kiberdələduzluğun qurbanı olsanız nə etməlisiniz?

Fərid Əmirovun sözlərinə görə, belə hallarda ilk addım bank kartını dərhal bloklamaq, istifadə olunan tətbiqlərin və elektron poçt hesablarının şifrələrini dəyişməkdir. O, daxil olan mesajların, ödəniş bildirişlərinin və digər sübutların ekran görüntülərinin saxlanılmasını, daha sonra isə hüquq-mühafizə orqanlarına müraciət edilməsini tövsiyə edir.

Ekspert hesab edir ki, Azərbaycanda kibertəhlükələrlə bağlı maarifləndirmə tədbirləri davam etdirilsə də, dələduzların üsulları çox sürətlə dəyişdiyindən bu istiqamətdə işlər daha da genişləndirilməlidir. Onun fikrincə, məktəblərdə rəqəmsal təhlükəsizlik mövzusunda dərslərin təşkili, fişinq mesajlarını müəyyən edən texniki filtrlərin tətbiqi və vətəndaşların kibergigiyena vərdişlərinin artırılması kiberdələduzluq hallarının azalmasına mühüm töhfə verə bilər.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər