Yay mövsümü öncəsi aparılan monitorinqlər zamanı Azərbaycanın bəzi çimərliklərində dəniz suyunun tərkibində normadan artıq bakterioloji çirklənmə müəyyən edilib.
Daylinews-az.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məlumat yayıb.
Araşdırmalar Bakı, Sumqayıt, Mingəçevir, Lənkəran, Astara və Xaçmaz rayonlarında yerləşən çimərliklərdə aparılıb. Monitorinqlərin məqsədi suyun sanitar-gigiyenik vəziyyətini qiymətləndirmək olub. Tədqiqatlar laboratoriya şəraitində suyun fiziki-kimyəvi və bakterioloji göstəriciləri üzrə həyata keçirilib.
Bəzi ərazilərdə təhlükəli çirklənmə qeydə alınıb:
- Bakı: Hövsan, Türkan, Şıx, Sahil
- Xaçmaz: Niyazoba kəndi
- Lənkəran: Aşağı Nüvədi qəsəbəsi, Sütəmurdov kəndi
Həmin çimərliklərdən götürülən su nümunələrində normadan artıq bakterioloji çirklənmə aşkarlanıb. Bu isə əhalinin sağlamlığı üçün təhlükə yarada və yoluxucu xəstəliklərin yayılmasına səbəb ola bilər. Bu səbəbdən mütəxəssislər bu ərazilərdə istirahətdən çəkinməyi tövsiyə edirlər.
Rəsmi tədbirlər gözlənilir
Monitorinq nəticələri “Su Məcəlləsi”nin 42-ci maddəsinə əsasən Dövlət Su Ehtiyatları Agentliyinə təqdim olunacaq. Məqsəd – həmin çimərliklərdə istifadənin məhdudlaşdırılması və ya tam dayandırılması üçün tədbirlərin görülməsidir.
Səhiyyə Nazirliyi qeyd edib ki, çimərliklərdə monitorinqlər davam etdirilir.





