İyulun 21-də Şuşada keçirilən III Qlobal Media Forumu fəaliyyətini yekunlaşdırdı. Forum bu il “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunmuşdu.
Son panel müzakirəsi “Sosial medianın təkamülü ictimai etimada necə təsir edir: Media savadlılığının əhatəsində” başlığı altında keçirilib. Panelin moderatoru “TRT World” aparıcısı Mariam Zaidi olub.
Sosial platformalar və alqoritmlərin rolu
“TikTok”un Rusiya, Şərqi Avropa, Mərkəzi Asiya və Monqolustan üzrə ictimai siyasət rəhbəri Sergey Sokolov bildirib ki, bu platforma ənənəvi sosial şəbəkələrdən fərqlənir. Onun sözlərinə görə, TikTok alqoritmi məzmunu istifadəçinin seçimlərinə uyğun təqdim edir və izləyici sayından asılı olmayaraq, hər kəs milyonlarla baxış əldə edə bilər:
“Bu, yeni dövrün media anlayışını dəyişir. Artıq istifadəçi yalnız izləyici deyil, məzmun yaradan və paylaşandır.”
Sokolov həmçinin vurğulayıb ki, TikTok bizneslər və startaplar üçün yeni imkanlar yaradır, lakin uğurlu olmaq üçün platformanın alqoritmik xüsusiyyətlərini başa düşmək vacibdir.
Süni intellektin potensialı və riskləri
“Google” və “YouTube” üzrə mütəxəssis, “BlitzMetrics” şirkətinin CEO-su Dennis Yu isə diqqəti informasiya mühitində süni intellektin təsirlərinə yönəldib:
“Süni intellekt elektrik enerjisi kimidir – düzgün istifadə olunarsa, faydalıdır, ancaq nəzarətsiz qalarsa, təhlükəlidir.”
O qeyd edib ki, AI texnologiyası həm imkanlar yaradır, həm də yanlış məlumatların yayılmasına səbəb ola bilər. Bu səbəbdən, etik çərçivələrin formalaşdırılması vacibdir.
LinkedIn və peşəkar məzmunun rolu
“LinkedIn”ın ictimai sektor üzrə nümayəndəsi Seamus Clancy çıxışında platformanın fərqliliyinə diqqət çəkib. O bildirib ki, LinkedIn üzərindən saniyədə minlərlə əməliyyat aparılır və bu platforma həm yeni bacarıqların paylaşılması, həm də şəbəkələşmə baxımından fərqli bir funksiyanı yerinə yetirir.
Etika və süni intellektin təkamülü
Avstraliyanın “Sunshine Coast” Universitetinin tədqiqatçısı Karen Sutherland “TikTok”da bəzilərinin etik davranmadığını qeyd edib. O bildirib ki, süni intellektdən istifadə edən kontent istehsalçıları məsuliyyətli olmalı və AI-nin yaratdığı təhlükələri nəzərə almalıdır:
“Süni intellekt düzgün istifadə olunmazsa, şəxsi məlumatların yayılmasına səbəb ola bilər.”
Forumun əhəmiyyəti və iştirakçıları
Qeyd edək ki, forumda 52 ölkədən 140-a yaxın xarici nümayəndə, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-dən çox media qurumu iştirak edib. Forum iştirakçılar arasında fikir mübadiləsi və birgə əməkdaşlıq üçün önəmli platforma rolunu oynayıb.





