Sentyabrın 7-də 2025-ci ilin ikinci Ay tutulması baş tutacaq.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Oxu.Az-a verilən məlumata görə, bu, tam Ay tutulmasıdır və bəzən “Qanlı Ay” adı ilə də xatırlanır.
Tam Ay tutulması, Günəş, Yer və Ay eyni xətt üzərində yerləşdikdə baş verir. Bu zaman Yerin kölgəsi Ayın üzərinə düşür və Ay tamamilə Yerin kölgəsinə girdikdə “Qanlı Ay” effekti yaranır:
“Bu zaman Ay tamamilə yox olmur, əksinə, qırmızımtıl rəngə boyanır. Buna səbəb Günəş işığının Yer atmosferində sınma və səpilmə səbəbindən qırmızı və narıncı şüaların Ay səthinə çatmasıdır. Qanlı rəng Ay üfüqdə olarkən daha ‘dramatik’ görünə bilər. Çünki həm Yer atmosferindən keçən Günəş işığı Ayı qırmızıya boyayır, həm də üfüqdə olan Ay artıq qırmızımtıl olur.
slində Yerin kölgəsi iki hissədən ibarətdir: yarımkölgə və kölgə. Ay yarımkölgəyə daxil olanda yarımkölgəli Ay tutulması başlayır, bunu adi gözlə hiss etmək çox çətindir. Ay Yerin kölgəsinə daxil olduqda isə adi gözlə görünən tutulma başlayır”.
Ay tutulmasının başlama və bitmə vaxtları:
- Yarımkölgəli Ay tutulması: 19:28:21
- Qismən tutulma: 20:27:02
- Tam tutulma başlanğıcı: 21:30:41
- Tutulmanın maksimumu: 22:11:47
- Tam tutulma bitişi: 22:52:47
- Qismən tutulma bitişi: 23:56:26
- Yarımkölgəli Ay tutulması bitişi: 00:55:00
Tam Ay tutulması 82 dəqiqə davam edəcək.
2025-ci ilin ikinci tam Ay tutulması Avropa, Afrika, Asiya və Avstraliyada görünəcək. Azərbaycanda isə axşam saatlarından gecə yarısına kimi tutulmanı izləmək mümkündür. Sentyabrın 7-də vətəndaşlar Qanlı Ayı canlı izləmə imkanı əldə edəcəklər. Bu hadisə həm astronomiya həvəskarları, həm də adi müşahidəçilər üçün unudulmaz bir gecə vəd edir.





