Azərbaycanda xalqın ən sevimli və qədim bayramlarından biri olan Novruz bayramı bu gün rəsmi şəkildə qeyd olunur. Baharın gəlişini simvolizə edən bu bayram, yenilənmənin və təbiətin oyanmasının rəmzi sayılır.
Novruz – UNESCO-nun mədəni irs siyahısında
Novruzun tarixi çox qədim dövrlərə gedib çıxır. Baharın gəlişi və təbiətin oyanması bir çox xalqlar tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunmuş, bunun şərəfinə geniş xalq şənlikləri təşkil edilmişdir. 30 sentyabr 2009-cu ildə UNESCO Novruzu bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil etmişdir.
Novruzun əsas ənənələri
Novruzun əsas xüsusiyyətlərindən biri onun dörd ünsür – su, od, torpaq və yel ilə əlaqələndirilməsidir. Bayramdan əvvəlki dörd çərşənbə axşamı (Su, Od, Yel və Torpaq çərşənbələri) məhz bu ünsürlərə həsr olunur.
Bayramın əsas adətləri arasında tonqal üstündən tullanmaq, şam yandırmaq, səməni yetişdirmək, xonça bəzəmək, yumurta boyamaq, xalq oyunları oynamaq və qonşuları, qohumları ziyarət etmək xüsusi yer tutur.





