Azərbaycanda qeyri-iş günü hesab olunan bayram günlərində işçilərin işə cəlb edilməsi qanunla qadağandır. Lakin bəzi hallarda istisnalar mövcuddur. Fasiləsiz istehsalat sahələri, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələrində çalışan işçilər bu istisnalara daxildir.
Daylinews-az.com-in Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, qanunvericilik həmin günlərdə işləyənlərə əlavə əməkhaqqı ödənilməsini nəzərdə tutur.
Əlavə ödənişin məbləği necə hesablanır?
Azərbaycanda 15 bayram günü olsa da, onlardan yalnız 12-si qeyri-iş günü kimi qeyd olunur:
- Yeni il (1 və 2 yanvar)
- Beynəlxalq Qadınlar Günü (8 mart)
- Faşizm üzərində Qələbə Günü (9 may)
- Müstəqillik Günü (28 may)
- Milli Qurtuluş Günü (15 iyun)
- Silahlı Qüvvələr Günü (26 iyun)
- Zəfər Günü (8 noyabr)
- Dövlət Bayrağı Günü (9 noyabr)
- Həmrəylik Günü (31 dekabr)
- Novruz bayramı (5 gün)
- Qurban bayramı (2 gün)
- Ramazan bayramı (2 gün)
Əmək Məcəlləsinə əsasən, bayram günlərində işə çıxan işçilərə əməkhaqqı gündəlik tarifin iki mislindən aşağı olmamaqla ödənilməlidir. Alternativ olaraq, işçinin arzusu ilə başqa bir istirahət günü də təklif edilə bilər.
Nümunə hesablamalar:
2024-cü ilin istehsalat təqviminə görə, noyabr ayında 5 günlük iş həftəsində 151 iş saatı var. Əgər bir işçinin aylıq vəzifə maaşı 1000 manatdırsa, bu halda:
- 1 saatlıq əməkhaqqı: 6,60 manat
- 1 günlük əməkhaqqı: 52,80 manat
Bayram günlərində işləyənlər üçün isə bu məbləğlər ikiqat hesablanır.
Əgər işçi aylıq maaşla çalışırsa və bayram günü işə çıxıbsa, ona əlavə gündəlik maaş məbləğindən az olmamaq şərtilə ödəniş verilməlidir. Əgər iş normadan artıq görülübsə, əlavə əməkhaqqı gündəlik maaşın iki qatına bərabər olmalıdır.
İşə cəlb olunma şərtləri:
Bayram günlərində bəzi kateqoriyadan olan işçilərin işə cəlb edilməsi müəyyən şərtlərlə mümkündür. Hamilə qadınlar, 14 yaşınadək və ya əlilliyi olan 18 yaşadək uşağı olan qadınlar yalnız yazılı razılıq əsasında bayram günlərində işə cəlb edilə bilərlər. Hamilə və 3 yaşınadək uşağı olan qadınların isə yalnız həkim rəyinə əsasən işə çıxması mümkündür.
18 yaşına çatmamış şəxslərin bayram günlərində işə cəlb edilməsi qəti qadağandır.