Dünya çempionatında növbəti oyun günü həm sensasiya, həm də inamlı qələbə ilə yadda qalıb. F qrupunda Yaponiya Tunisə heç bir şans verməyərək turnirdəki mövqeyini gücləndirib. E qrupunda isə Kurasao millisi Ekvador qarşısında müqavimət göstərərək mundial tarixində ilk xalını qazanıb.
15 seyv və tarixi nəticə: Kurasao üçün unudulmaz gecə
E qrupunun qarşılaşmasında Ekvador millisi oyuna tam nəzarət etsə də, Kurasao qapıçısı Eloy Rom keçilməz səddə çevrilib. Təcrübəli qolkiper rəqibin ardıcıl hücumlarını zərərsizləşdirərək komandasına 0:0 hesablı vacib heç-heçə qazandırıb.
37 yaşlı qapıçı matç ərzində 15 seyv edib və bu göstərici ilə son dünya çempionatlarının ən yaddaqalan qapıçı çıxışlarından birinə imza atıb. Onun möhtəşəm performansı nəticəsində Kurasao mundiallar tarixində ilk xalını əldə edib.

E qrupunda vəziyyət gərgin olaraq qalır. Almaniya maksimum nəticə ilə liderdir, Kot-d’İvuar ikinci pillədə qərarlaşıb, Ekvador və Kurasao isə növbəti oyunlar öncəsi şanslarını qoruyurlar.
Dünya çempionatı 2026. E qrupu, II tur

Yaponiya Tunisə dərs keçdi

Monterreydə keçirilən görüşdə Yaponiya millisi Tunis üzərində 4:0 hesablı parlaq qələbə qazanaraq qrup liderliyi uğrunda mübarizəni davam etdirib. Asiya təmsilçisi oyunun əvvəlindən üstünlüyü ələ alıb və fasiləyədək rəqibin müqavimətini qırıb.
Daichi Kamada erkən qolla komandasını önə çıxarıb. Ayase Ueda iki dəfə fərqlənərək matçın əsas qəhrəmanlarından biri olub. Cunya İto da adını bombardirlər siyahısına yazdırıb.
Tunis isə ikinci turdan sonra da xal hesabını aça bilməyib. Maraqlıdır ki, komanda mundialda artıq ikinci baş məşqçi ilə çıxış edir. İlk oyundan sonra edilən dəyişikliklər də nəticəyə təsir göstərməyib və Afrika təmsilçisi pley-off şanslarını rəsmən itirib.
Dünya çempionatı 2026. F qrupu. II tur






