ABŞ administrasiyası Avropadakı hərbi mövcudluğuna dair genişmiqyaslı strateji qiymətləndirməyə başlayır. Bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset NATO ölkələrinin müdafiə nazirlərinin Brüsseldə keçirilən toplantısı zamanı məlumat verib.
Heqset bildirib ki, Pentaqon qarşıdakı aylarda Avropada yerləşdirilmiş Amerika qüvvələrinin strukturu, yerləşmə modeli və gələcək rolunu əhatə edən xüsusi araşdırma aparacaq. Onun sözlərinə görə, proses altı ay müddətində davam etməlidir, lakin qiymətləndirmənin daha qısa müddətdə yekunlaşması da istisna edilmir.
NATO daxilində yeni mərhələyə keçid

ABŞ müdafiə naziri vurğulayıb ki, Vaşinqton Avropa müttəfiqlərinin qitənin təhlükəsizliyi ilə bağlı daha böyük məsuliyyət daşıdığı yeni yanaşmanın formalaşdırılmasını dəstəkləyir. Bu məqsədlə NATO çərçivəsində qüvvələrin bölüşdürülməsi və müdafiə öhdəliklərinin yenidən nəzərdən keçirilməsi gündəmdədir.
Pit Heqset çıxışında bildirib: “Bu gün Müdafiə Nazirliyi tərəfindən Avropadakı ABŞ hərbi mövcudluğunun və yerləşdirilməsinin altı aylıq nəzərdən keçirilməsinə start verildiyini elan edirəm. Buna NATO 3.0 icmalı deyə bilərik”.
Nazirin sözlərinə görə, araşdırma yalnız Pentaqonun daxili prosesi olmayacaq. ABŞ Konqresi, Avropa Komandanlığı, Amerika hərbçiləri və NATO müttəfiqləri də qiymətləndirmə prosesində iştirak edəcəklər.





