Boğaz ağrısı, yüngül hərarət və ya soyuqdəymə əlamətləri yaranan kimi antibiotik qəbul edənlərin sayı kifayət qədər çoxdur. Halbuki bu preparatların nəzarətsiz istifadəsi gələcəkdə ciddi sağlamlıq problemlərinə yol aça bilər. Ən böyük risklərdən biri isə antibiotiklərə davamlı bakteriyaların yaranmasıdır ki, bu da sonradan bir çox infeksiyaların müalicəsini çətinləşdirir.
Mütəxəssislərin fikrincə, antibiotiklər yalnız bakterial infeksiyalara qarşı təsirlidir və virus mənşəli xəstəliklər zamanı onların istifadəsi əksər hallarda nəticə vermir. Buna baxmayaraq, bir çox insanlar həkim məsləhəti olmadan bu dərmanlardan istifadə etməyə davam edir.
Antibiotiklərə davamlılıq necə yaranır?
Tibb üzrə ekspert Rasif Bağırov bildirib ki, antibiotiklərə qarşı davamlılıq yeni problem deyil və bu məsələ həmin preparatların tətbiq olunmağa başladığı dövrdən mövcuddur:
“Antibiotiklər təyin edilən vaxtda qəbul edilmədikdə və ya müalicə kursu düzgün tamamlanmadıqda mikroorqanizmlər həmin preparatlara uyğunlaşa bilir. Bu isə dərmanların təsir gücünü azaldır. Ona görə də antibiotiklər eyni saatlarda qəbul edilməli və müalicə yarımçıq saxlanılmamalıdır”.
Onun sözlərinə görə, bakteriyalar özlərini qorumaq üçün müxtəlif mexanizmlər inkişaf etdirirlər. Bunlardan biri beta-laktamaz adlı maddənin ifraz olunmasıdır. Həmin maddə bəzi antibiotiklərin təsirini zəiflədərək onların effektivliyini aşağı salır.
Özbaşına qəbul təhlükəni artırır
Ekspert vurğulayıb ki, antibiotiklərə davamlılığın artmasının əsas səbəblərindən biri bu preparatların həkim nəzarəti olmadan istifadəsidir:
“İnsanlar çox vaxt antibiotiki aptekdən alaraq özbaşına qəbul edirlər. Dərman düzgün seçilmədikdə və ya istifadə qaydalarına əməl olunmadıqda davamlılıq yaranır. Nəticədə gələcəkdə həmin preparatlar əvvəlki təsirini göstərmir”.
Mütəxəssisin sözlərinə görə, bu problem təkcə antibiotiklərlə məhdudlaşmır. Digər bəzi dərman qruplarında da zamanla davamlılıq yarana bilər. Bu səbəbdən alimlər daha effektiv preparatların hazırlanması istiqamətində araşdırmalar aparırlar.
Hazırda dünyada antibiotiklərə davamlılığın qarşısının alınması üçün yeni müalicə üsulları və innovativ preparatlar üzərində iş gedir. Məqsəd mövcud dərmanların effektivliyini qorumaq və bakteriyaların müdafiə mexanizmlərini zəiflətməkdir.
Qeyd edək ki, antibiotiklərin nəzarətsiz qəbulu yalnız davamlılıq problemi yaratmır, eyni zamanda müxtəlif əlavə fəsadlara da səbəb ola bilər. Bu barədə daha ətraflı antibiotiklərin tez-tez istifadəsi mövzusuna həsr olunmuş materialda məlumat verilib.





