Dünya pop musiqisinin ən məşhur simalarından olan Teylor Sviftin şəxsi həyatı yenidən diqqət mərkəzinə düşüb. Məşhur müğənninin amerikalı futbolçu Trevis Kelsi ilə planlaşdırdığı toy mərasimi ilə bağlı yeni detallar ortaya çıxıb. Cütlüyün iyulun 3-də Nyu-Yorkda ailə quracağı bildirilir, lakin tədbirlə bağlı demək olar ki, bütün məlumatlar ciddi məxfilik şəraitində saxlanılır.
36 yaşlı ifaçı bu günlərdə Nyu-Yorkun Qrinviç-Villic səmtində tək görüntülənib. Bu vaxt Trevis Kelsi Los-Ancelesdə qardaşı Ceysonla birlikdə apardığı “New Heights” podkastının növbəti buraxılışı üzərində çalışırdı. Buna baxmayaraq, cütlüyün toy hazırlıqlarını intensiv şəkildə davam etdirdiyi bildirilir.
Toyun detalları yalnız seçilmiş qonaqlara açıqlanacaq
Məlumata görə, qonaqlara ənənəvi dəvətnamələr göndərilmir. Onlarla telefon vasitəsilə əlaqə saxlanılır və yay aylarında proqramlarını boş saxlamaq tövsiyə olunur. Maraqlıdır ki, dəqiq tarix və məkan ilkin mərhələdə açıqlanmır.
Tədbirdə iştirakını təsdiqləyən hər bir şəxs məxfilik müqaviləsi imzalamalıdır. Bu tələb həm ailə üzvlərinə, həm də yaxın dostlara şamil edilir. Bəzi qonaqlara isə mərasimə müşayiətçi olmadan qatılmaları tövsiyə olunub.
Toyun harada keçiriləcəyi ilə bağlı müxtəlif iddialar səsləndirilir. Bəzi məlumatlara görə, mərasim Nyu-Yorkun məşhur Madison Square Garden arenasında baş tuta bilər. Digər versiyalara əsasən isə bu məlumat diqqəti yayındırmaq üçün ortaya atılıb və əsl məkan hələ də gizli saxlanılır.
Qeyri-rəsmi məlumatlarda Selena Qomez və Cici Hadidin gəlinin ən yaxın rəfiqələri sırasında yer alacağı da qeyd olunur. Cütlük son günlərdə Brodveydə “Oh, Mary!” tamaşasını izləyib, daha sonra isə şəhərin tanınmış restoranlarından birində şam yeməyinə yollanıb.
Xatırladaq ki, Teylor Svift qısa müddət əvvəl Mahnı Müəllifləri Şöhrət Zalına düşən ən gənc qadın kimi tarixə düşərək karyerasına daha bir mühüm nailiyyət əlavə edib.





