2026-cı il dünya çempionatında qrup mərhələsinin II turu çərçivəsində daha iki maraqlı qarşılaşma keçirildi. Günün əsas nəticələrindən biri H qrupunda qeydə alındı. İspaniya millisi Səudiyyə Ərəbistanını böyük hesabla məğlub edərək turnirdə ilk qələbəsini əldə etdi.
Atlanta şəhərindəki “Mercedes-Benz Arena”da baş tutan görüş İspaniyanın 4:0 hesablı üstünlüyü ilə yekunlaşdı. Matçın əvvəlindən təşəbbüsü ələ alan Avropa təmsilçisi hesabı 10-cu dəqiqədə Lamin Yamalın qolu ilə açdı. Ardınca Mikel Oyarzabal iki dəfə fərqlənərək komandasının üstünlüyünü artırdı. Fasilədən sonra isə Həsən Əl-Tambaktinin avtoqolu yekun nəticəni müəyyənləşdirdi.
Bu nəticə sayəsində ispanlar mundialdakı ilk qələbələrini qazandılar. Komanda turnirin açılış matçında Kabo-Verde ilə qolsuz heç-heçə etmişdi. Səudiyyə Ərəbistanı isə növbəti oyundan da xal qazana bilmədi və qrupdakı vəziyyətini çətinləşdirdi.
H qrupu II tur

Belçika və İran qalib müəyyənləşdirə bilmədi

G qrupunda keçirilən digər oyunda Belçika və İran milliləri qarşılaşdı. İnglvud şəhərində yerləşən “SoFi Stadium”da oynanılan matç 0:0 hesabı ilə başa çatdı.
Gərgin keçən görüşdə hər iki komanda qol imkanları yaratsa da, hesab dəyişmədi. Qarşılaşmanın ən diqqətçəkən epizodu 66-cı dəqiqədə yaşandı. Belçikalı futbolçu Natan Nqoy kobud qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldı və meydanı vaxtından əvvəl tərk etdi. Buna baxmayaraq, belçikalılar oyunun sonuna qədər müdafiədə etibarlı çıxış edərək heç-heçəni qorudular.
Beləliklə, hər iki kollektiv dünya çempionatında ardıcıl ikinci dəfə bərabərliyə razılaşdı. Belçika ilk turda Misirlə 1:1 hesablı heç-heçə etmişdi. İran isə Yeni Zelandiya ilə keçirilən oyunda 2:2 hesabı qeydə almışdı.
G qrupu II tur






