Aralıq dənizində, Türkiyənin cənub-qərb sahilləri yaxınlığında 5,3 bal gücündə zəlzələ baş verib. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 14:06-da qeydə alınıb.
İlkin məlumatlara görə, zəlzələnin episentri Muğla vilayətinin Datça rayonu sahillərindən təxminən 137 kilometr məsafədə yerləşib. Yeraltı təkanın ocağı isə 19,87 kilometr dərinlikdə müəyyən edilib. Hazırkı məlumata əsasən, hadisə nəticəsində insan tələfatı və ya dağıntılar barədə rəsmi məlumat daxil olmayıb. Aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır və mümkün təsirləri qiymətləndirməyə davam edir.
AFAD zəlzələdən sonra əhalini yalnız rəsmi mənbələrdən yayılan məlumatlara etibar etməyə çağırıb. Hazırda bölgədə əlavə təhlükə ilə bağlı hər hansı rəsmi xəbərdarlıq verilməyib və monitorinq tədbirləri davam etdirilir.





