Uzun illərdir ermənipərəst mövqeyi ilə tanınan rusiyalı təbliğatçı Vladimir Solovyov bu dəfə Azərbaycanla bağlı daha sərt və sərsəm fikirlər səsləndirib.
Daylinews-az.com xəbər verir ki, Solovyov Rusiyanın dövlət radiosu “Vesti FM”-də yayımlanan “Polnıy kontakt” proqramında millətlərarası ədavəti qızışdıran və nifrət dolu açıqlamalar verib, faktiki olaraq terrorizm çağırışlarına bənzər fikirlər söyləyib.
Solovyov çıxışında bildirib:
“Azərbaycan bizimlə müharibə etmək istəyirsə, buyurub, etsin. Xatırlatmaq istəyirəm ki, bu ərazidə ləzgilər yaşayırlar. Azərbaycanda ləzgilərin vəziyyəti yaxşı deyil, amma Dağıstanda çoxlu ləzgi yaşayır və onlara münasibət hörmət çərçivəsindədir. Biz isə Azərbaycanda ləzgilərin hüquqları uğrunda mübarizə apara və ləzgi hərəkatını tam dəstəkləyə bilərik. Çünki özlərini çox pis hiss edirlər. Ümumiyyətlə, kim deyib ki, Azərbaycan vahiddir? Kim deyib ki, Azərbaycanın sərhədləri dəyişməzdir?”
Qeyd olunur ki, bir müddət əvvəl Solovyov aparıcısı olduğu “Voskresnı veçer” (“Bazar axşamı”) proqramında qonşu ölkələrə qarşı “xüsusi hərbi əməliyyat”la hədələyici çıxış etmişdi:
“Biz başa düşməliyik ki, Cənubi Qafqazda baş verənlər çox böyük problemdir və elə vəziyyət yarana bilər ki, orada tezliklə NATO bazaları peyda ola bilər. Vəziyyət o qədər təhlükəlidir ki, geosiyasi mövqeləri nəzərə alsaq, bu, elə nəticələrə gətirib çıxara bilər ki, bu, bizim nəslin sonuncu “xüsusi hərbi əməliyyat”ı olmaya bilər.”





