Bakıda 14-20 oktyabr tarixlərində X Beynəlxalq İtaliya Mətbəxi Həftəsi keçirilir. Tədbir İtaliyanın Azərbaycandakı səfirliyi və Bakıdakı İtaliya Ticarət Agentliyinin (ITA) təşkilatçılığı və dəstəyi ilə reallaşır.
İtaliyanın Azərbaycandakı səfiri Luka Di Cianfrançesko tədbirin açılışında çıxış edərək bildirib ki, İtaliya Mətbəxi Həftəsi İtaliyanın Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunur və təkcə Bakıda deyil, dünya miqyasında bir çox ölkədə keçirilir.
Diplomat qeyd edib ki, bu il tədbirin mövzusu sağlamlıq, mədəniyyət və innovasiyanın vəhdəti üzərində qurulub. Bu üç əsas element vasitəsilə italyan mətbəxi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olmağa namizəd olaraq qiymətləndirilir.
Səfir əlavə edib ki, italyan mətbəxinin UNESCO siyahısına daxil edilməsinə dair təşəbbüs 2023-cü ildə İtaliya Xarici İşlər və Mədəniyyət Nazirlikləri tərəfindən irəli sürülüb və yekun qərarın 2025-ci ilin dekabrında gözlənilir.
Azərbaycandakı İtaliya Ticarət Agentliyinin direktoru Çeçiliya Oliva iki ölkə arasında mövcud ticarət və iqtisadi əlaqələrin inkişafına toxunaraq Azərbaycan bazarının İtalyan məhsullarına olan marağını vurğulayıb.
Həftə çərçivəsində ən böyük maraq isə Berqamodakı üç Michelin ulduzlu “Da Vittorio” restoranının məşhur italyan şef-aşpazı Roberto Çerrea’ya yönəlib. O, tədbirə dəvət olunaraq italyan qastronomiyasının Azərbaycanda təqdim edilməsinə öz təşəkkürünü bildirib.
Bu tədbir İtaliya mətbəxinin müxtəlifliyi və zənginliyini Azərbaycan ictimaiyyətinə tanıtdırmaq, iki ölkə arasındakı mədəni və iqtisadi əlaqələri gücləndirmək baxımından əhəmiyyətlidir.





