EvCəmiyyətSəbinə Əliyeva “Uşaq Hüquqları Aylığı” ilə Bağlı Müraciət Ünvanlayıb

Səbinə Əliyeva “Uşaq Hüquqları Aylığı” ilə Bağlı Müraciət Ünvanlayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 20 oktyabr – 20 noyabr tarixləri arasında keçiriləcək “Uşaq Hüquqları Aylığı”nın elan edilməsi münasibətilə müraciət edib. Ombudsman müraciətində aşağıdakıları qeyd edib:

“Uşaq hüquqlarının qorunması cəmiyyətin inklüziv və bərabər imkanlara əsaslanan inkişafında mühüm rol oynayır. Hər bir uşağın təhlükəsiz, sağlam və öz potensialını reallaşdıra biləcəyi mühitdə böyüməsi əsas prioritetdir. 1989-cu il 20 noyabrda BMT Baş Assambleyası tərəfindən qəbul edilən və Azərbaycanın da tərəfdar olduğu ‘Uşaq Hüquqları haqqında’ Konvensiya (UHK) bu sahədə beynəlxalq standartları müəyyənləşdirən əsas sənəddir.

Azərbaycan dövləti uşaqların hüquqlarının təmin edilməsi və təşviqi üçün ardıcıl islahatlar həyata keçirir, onların layiqli həyat səviyyəsi üçün möhkəm hüquqi baza və institusional mexanizmlər formalaşdırır. UHK-nın prinsipləri – uşaqların yaşamaq və inkişaf hüququ, onların mənafeyinin üstünlüyü, ayrı-seçkiliyin qarşısının alınması və fikir azadlığına hörmət – Azərbaycanın dövlət siyasətinin əsasını təşkil edir.

2025-ci ilin ‘Konstitusiya və Suverenlik İli’ elan edilməsi uşaq hüquqlarının müdafiəsi baxımından xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Konstitusiyası uşaqlar da daxil olmaqla vətəndaşların hüquq və azadlıqlarının təminatını tənzimləyən əsas hüquqi sənəddir. Vətən müharibəsində və antiterror əməliyyatında qazanılan Qələbə nəticəsində ərazi bütövlüyümüzün bərpası azad edilmiş ərazilərdə də uşaq hüquqlarının təmin edilməsinə imkan yaradıb. Bu istiqamətdə genişmiqyaslı layihələr davam etdirilir.

Ombudsman qurumunun fəaliyyətində uşaq hüquqlarının qorunması prioritet istiqamətlərdən biridir. Ənənəvi olaraq, UHK-nın qəbulunun ildönümü ərəfəsində 20 oktyabr – 20 noyabr tarixləri ‘Uşaq Hüquqları Aylığı’ kimi qeyd edilir. Bu təşəbbüsün məqsədi cəmiyyətin maarifləndirilməsi, dövlət orqanları, vətəndaş cəmiyyəti və digər qurumlarla birgə uşaq hüquqlarının müdafiəsinə diqqəti cəlb etmək və bu sahədə ictimai fəallığı artırmaqdır.

Bütün dövlət qurumlarını, yerli özünüidarə orqanlarını, vətəndaş cəmiyyəti institutlarını və aidiyyəti təşkilatları ‘Uşaq Hüquqları Aylığı’ çərçivəsində aktiv iştiraka və uşaqların konstitusion hüquqlarının qorunmasına yönəlmiş tədbirlərə qoşulmağa çağırıram. Əminəm ki, bu təşəbbüslər uşaq hüquqlarının daha səmərəli təmin olunmasına töhfə verəcək.”

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər