Gədəbəy rayonunun Dördlər və Mormor kəndləri istiqamətində dağlıq ərazidə yanğın qeydə alınıb. Hadisə barədə məlumat Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olub.
Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Relyefin mürəkkəbliyi və küləyin mütəmadi güclənməsi yanğınsöndürmə işlərini çətinləşdirsə də, yanğınla mübarizə əl üsulu ilə fasiləsiz olaraq davam etdirilir.
Hazırda yanğının söndürülməsi əməliyyatları FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları ilə bərabər Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı ilə uğurla həyata keçirilir.





