EvİqtisadiyyatBVF: Bu il qlobal dövlət borcu 100 trilyon dolları ötəcək

BVF: Bu il qlobal dövlət borcu 100 trilyon dolları ötəcək

2024-cü ildə dünya ölkələrinin ümumi dövlət borcunun 100 trilyon dolları keçəcəyi və bunun qlobal ümumi daxili məhsulun (ÜDM) təxminən 93 faizinə bərabər olacağı gözlənilir.

Daylinews-az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında məlumat verilib. Hesabata əsasən, qlobal dövlət borcu onilliyin sonunadək artaraq ÜDM-in 100 faizinə çatacaq.

BVF mütəxəssisləri qeyd edirlər ki, ölkələrin təxminən üçdə ikisində borcun sabitləşməsi və ya azalması proqnozlaşdırılsa da, borc pandemiyadan əvvəl gözləniləndən yüksək səviyyədə qalacaq. Fond bildirir ki, borcun sabitləşməsi ilə bağlı proqnozu olmayan ölkələr dünya borcunun yarıdan çoxunu və qlobal ÜDM-in üçdə ikisini təşkil edir. Hesabatda vurğulanır ki, gələcək borc göstəricilərinin hazırkı proqnozlardan daha yüksək olma ehtimalı mövcuddur.

BVF hesabatında ayrı-ayrı ölkələr üzrə dövlət borcu göstəriciləri və ya proqnozları təqdim etməyib. Lakin 2023-cü ildə bütün dünya üzrə dövlət borcunun səviyyəsinin təxminən 2 faiz artaraq ÜDM-in 93,2 faizinə çatdığı bildirilir. Qlobal borcun artmasında dünyanın iki ən böyük iqtisadiyyatı olan ABŞ və Çin əsas rol oynayıb. Onların borcu müvafiq olaraq ÜDM-in 2 faizindən və 6 faizindən çox artıb.

Bu səbəbdən BVF-nin proqnozlarına görə, 2024-cü ildə qlobal dövlət borcunun 100 trilyon dolları aşması gözlənilir və bu, qlobal iqtisadi dayanıqlıq üçün ciddi çağırış ola bilər.

Əlaqəli Məqalələr

Populyar Xəbərlər