Beynəlxalq analitik “Fitch Solutions” şirkəti Azərbaycanın 2025-2027-ci illər üçün iqtisadi artım proqnozunu açıqlayıb. Proqnoza görə, 2025-ci ildə iqtisadiyyat 2,6%, 2026-cı ildə 2,4%, 2027-ci ildə isə 2,3% artacaq. Ümumilikdə, həmin dövrdə ölkənin ÜDM-inin orta illik artımı 2,43% səviyyəsində olacaq.
“Fitch Solutions” bildirib ki, iqtisadi artımda əsas pay neft-qaz sektoruna aiddir. 2025-ci ilin iyun ayına olan məlumata əsasən, neft-qaz sektoru ÜDM-in 38,5%-ni təşkil edir. Qlobal bazarda neft qiymətlərində gözlənilən illik 15% azalma isə sahənin gəlirlərinə təsir edəcək. Bununla belə, 2026-2027-ci illərdə neft qiymətlərinin yüksəlməsi ehtimalı da mövcuddur, çünki Rusiyaya qarşı sanksiyaların sərtləşməsi qlobal neft tədarükündə müəyyən dəyişikliklərə səbəb ola bilər.
Şirkət 2028-2034-cü illər üçün də artım proqnozlarını açıqlayıb: 2028-ci ildə 2,9%, 2029-cu ildə 3,6%, 2030-cu ildə 2,8%, 2031-ci ildə 2,5%, 2032-ci ildə 2,4%, 2033-2034-cü illərdə isə hər il 3% artım gözlənilir. ÜDM nominal göstəriciləri isə 2025-ci ilin sonuna 102,4 milyard ABŞ dollarından 2034-cü ildə 187,5 milyard dollara yüksələcək.
Azərbaycan İqtisadiyyat Nazirliyi 2025-ci ilin proqnozu olaraq 3%, 2026-cı və 2027-ci illər üçün isə müvafiq olaraq 2,9% və 3,3% iqtisadi artımı təxmin edir. Digər beynəlxalq reytinq agentlikləri və qurumlar da ölkəmizin artımı ilə bağlı müxtəlif proqnozlar irəli sürür: “S&P Global” 2%, “Fitch Ratings” 3,5% və 2,5%, “Moody’s” isə ildə 2,5% artım gözləyir.
Beynəlxalq Valyuta Fondu Azərbaycanda 2025-2026-cı illər üçün 3% və 2,5%, Avropa Yenidənqurma və İnkişaf Bankı isə 2025-ci ildə 2%, 2026-cı ildə 2,5% artımı proqnozlaşdırır. Asiya İnkişaf Bankı 2,4% və 2%, Dünya Bankı 2,6% və 2,4%, Niderlandın “ING Group” bank qrupu isə 2025-2027-ci illər ərzində 1,6%-dən 2,8%-ə qədər dəyişən artım gözləyir.
Qeyd edək ki, 2024-cü ildə ölkə iqtisadiyyatı 4,1% artıb, 2025-ci ilin yanvar-oktyabr aylarında isə artım tempi 1,3% təşkil edib.





