10 dekabr tarixində Prezident İlham Əliyev 2026-cı ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı xüsusi sərəncam imzaladı. Bu qərar layihənin artıq ölkənin uzunmüddətli kadr siyasətinin ayrılmaz hissəsinə çevrildiyini bir daha göstərdi. Prezidentin sərəncamı ilə təsis olunmuş və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən “Yüksəliş” bu gün Azərbaycanın idarəetmə elitasını formalaşdıran əsas platformalardan biri kimi qiymətləndirilir.
Beş il ərzində müsabiqəyə ümumilikdə 70 minə yaxın şəxs müraciət edib, onlardan 116 namizəd qalib adını qazanıb. Bu rəqəmlər həm layihənin tanınma səviyyəsini, həm də müxtəlif nəsillərdən olan istedadlı idarəçilərin prosesə qoşulmaq istəyini aydın şəkildə göstərir. Müraciətçilər arasında dövlət qulluğu, özəl biznes, beynəlxalq təşkilatlar, elm və təhsil sektorunda çalışan peşəkarlar üstünlük təşkil edir.
Prezident İlham Əliyevin insan kapitalını milli inkişafın əsas sütunlarından biri kimi müəyyənləşdirməsi ölkədə çoxpilləli kadr hazırlığı modelinin qurulmasına gətirib çıxarıb. Məktəblilərin keyfiyyətli baza təhsili alması, tələbələrin xarici ali məktəblərdə dövlət proqramları hesabına təhsil imkanı, gənc mütəxəssislərin isə şəffaf müsabiqələr yolu ilə həm dövlət, həm də aparıcı holdinqlərdə karyera qurması bu modelin hissələridir. “Yüksəliş” məhz bu zəncirin idarəçilik həlqəsini gücləndirir.
Gənclər və idman nazirinin müavini, müsabiqənin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bunu belə xarakterizə edir: “Prezident İlham Əliyevin strateji baxışı sayəsində ölkədə meritokratiyanın əsasları formalaşıb və yeni reallıq yaranıb. İnsan potensialına yönəlmiş bu siyasətin əsas elementlərindən biri də ‘Yüksəliş’dir”. Bu yanaşma idarəçi kadrların seçiminin şəxsi əlaqələrdən deyil, bilik və nəticələrdən asılı olmasını hədəfləyir.
Kadr Bankı və Mentorluq Proqramı: idarəçilər üçün ekosistem
Müsabiqənin ən mühüm nəticələrindən biri “Yüksəliş” Kadr Bankının yaradılmasıdır. Bu baza yüksək hazırlıqlı idarəçiləri bir sistemdə birləşdirir və həmin resursdan yalnız dövlət və özəl qurumların insan resursları rəhbərləri istifadə edə bilir. Bu mexanizm kadr seçiminə həm strateji yanaşmanı gücləndirir, həm də uyğun namizədlərin konkret layihələr və vəzifələr üçün hədəfli formada yönləndirilməsinə şərait yaradır.
“Yüksəliş” qalibləri təkcə ad və diplom qazanmır. Onlar bir il müddətinə Mentorluq Proqramına qoşularaq dövlət qurumları və iri şirkətlərin rəhbərləri ilə birbaşa işləmək imkanı əldə edirlər. Bu müddətdə qaliblər:
- iri tədbirlərdə mentorları ilə birlikdə iştirak edir
- rəsmi səfərlərdə və ikitərəfli görüşlərdə müşahidəçi və ya komanda üzvü qismində yer alır
- real layihələrdə qərarvermə prosesini yaxından izləyir, bəzən isə birbaşa icrada iştirak edirlər
Beləliklə, nəzəri biliklərlə praktik liderlik təcrübəsi arasında körpü qurulur. Müsabiqə eyni zamanda şəbəkələşmə (networking) üçün də mühüm meydandır: qaliblər, finalçılar, mentorlar, ekspertlər və təşkilatçılar vahid peşəkar mühit formalaşdırır.
Tələbə Mentorluq Proqramı: gələcək liderlər üçün məktəb
“Yüksəliş” ekosisteminin başqa bir vacib elementi Tələbə Mentorluq Proqramıdır. Bu təşəbbüs çərçivəsində müsabiqənin qalibləri və finalçıları ölkənin aparıcı universitetlərində oxuyan tələbələrə mentorluq edirlər. Artıq iki mərhələ uğurla başa çatıb, yaxın vaxtlarda üçüncü mərhələnin başlanacağı gözlənilir.
Proqramın əsas məqsədləri:
- idarəetmə və peşəkar təcrübənin gənclərə ötürülməsi
- gənclərin ölkə daxilində karyera qurmaq motivasiyasının artırılması
- erkən dövrdən karyera planlaşdırması və liderlik bacarıqlarının formalaşdırılması
- universitet təhsili ilə real əmək bazarı tələbləri arasında əlaqənin gücləndirilməsi
Eyni zamanda, proqram ideoloji funksiyanı da yerinə yetirir: hazırkı idarəçilərin dəyərləri, məsuliyyət hissi və iş mədəniyyəti gənc nəslə canlı nümunə üzərindən ötürülür. Məlumdur ki, bu proqramın məzunlarının bir hissəsi artıq dövlət və özəl qurumlardan iş təklifləri alıb, bəziləri isə startap və sosial layihələrə rəhbərlik edir.
“Beyin axını”na cavab verən kadr strategiyası
Dünya miqyasında istedadlı kadrlar uğrunda rəqabət getdikcə sərtləşir. İnkişaf etmiş ölkələr xüsusi proqramlar vasitəsilə peşəkarları özlərinə cəlb etməyə çalışır, bu isə bir çox dövlətlər üçün “beyin axını” təhlükəsini gücləndirir.
Azərbaycan isə son illər insan kapitalı sahəsində fərqli model qurur: “Yüksəliş” kimi proqramlar, Kadr Bankı, təqaüd və təhsil layihələri peşəkarların ölkə daxilində inkişaf imkanlarını artırır. Nəticədə bir çox mütəxəssis gələcəyini xaricdə deyil, məhz Azərbaycanda qurmağı real və cəlbedici yol kimi görməyə başlayır.
Bu gün “Yüksəliş”ə bağlı ekosistem – qaliblər, finalçılar, mentorlar, ekspertlər, tələbə mentorları və təşkilatçı komanda – təhsil texnologiyaları, dövlət idarəçiliyi, informasiya texnologiyaları, sosial layihələr, marketinq, HR və digər sahələrdə yeni təşəbbüslər yaradır. Bu mühit həm innovasiyaları stimullaşdırır, həm də müasir idarəçilik modellərinin tətbiqinə zəmin yaradır.
Nəticə etibarilə, “Yüksəliş” artıq sadəcə müsabiqə deyil, insan kapitalının qorunması və intellektual potensialın gücləndirilməsi üçün strateji dövlət alətidir. Yeni nəsil idarəçilərin, məsuliyyətli və peşəkar liderlərin formalaşmasında bu layihənin rolu hər il daha aydın görünür.





