Azərbaycanda elektron siqaretlərin istifadəsi və dövriyyəsi ilə bağlı inzibati məsuliyyət sərtləşdirilir.
Bununla bağlı dəyişikliklər İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni layihədə əksini tapıb və məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunla qadağan olunan yerlərdə – o cümlədən ictimai məkanlarda və küçələrdə elektron siqaret istifadə edən şəxslər 30 manat məbləğində cərimə ediləcək.
İdxal və satışa görə yüksək məbləğlər
Dəyişikliklər yalnız istifadə ilə məhdudlaşmır. Elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı, həmçinin satış məqsədilə saxlanılması inzibati xəta kimi qiymətləndiriləcək.
Bu halda qanun pozuntusunun obyekti olan məhsullar müsadirə ediləcək və aşağıdakı məbləğlərdə cərimə tətbiq olunacaq:
- Fiziki şəxslər üçün – 350 manatdan 500 manatadək
- Vəzifəli şəxslər üçün – 1 650 manatdan 2 200 manatadək
- Hüquqi şəxslər üçün – 4 000 manatdan 5 000 manatadək
Qanun layihəsi qəbul edilərsə, dəyişikliklər 2026-cı il aprelin 1-dən qüvvəyə minəcək. Yeni qaydaların əsas məqsədi elektron siqaretlərin nəzarətsiz dövriyyəsinin qarşısını almaq və ictimai yerlərdə sağlam mühitin qorunmasını təmin etməkdir.





