Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən iri anbarlardan birində baş verən yanğın nəzarət altına alınıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.
Yanğınla bağlı məlumat səhər saatlarında FHN-in “112” qaynar xəttinə daxil olub. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, yanğınsöndürən texnika və şəxsi heyət cəlb edilib. Daha sonra söndürmə əməliyyatına FHN-in aviasiya dəstəsinin helikopterləri də qoşulub.
Hadisələrin xronologiyası:
06:21
Lökbatan qəsəbəsində iri anbarlardan birində güclü yanğın baş verib. Əraziyə yanğınsöndürənlər və xüsusi texnika göndərilib.
06:37
FHN hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, yanğın barədə “112” qaynar xəttinə məlumat daxil olan kimi qüvvələr əraziyə cəlb edilib.
07:58
Yanğının söndürülməsinə FHN-in aviasiya dəstəsinin helikopterləri qoşulub. İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.
08:44
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə yerinə gəlib. Söndürmə tədbirləri davam etdirilib.
09:15
FHN əməkdaşları təhlükəsizlik tədbirləri görərək anbardakı malların bir hissəsini ərazidən çıxarıb və təhlükəsiz yerə daşıyıblar.
09:35
Təcili tibbi yardım briqadasının hadisə yerinə göndərildiyi açıqlanıb. Məlumata görə, həmin vaxta qədər xəsarət alan olmayıb.
09:58
Yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb və alov nəzarətə götürülüb. Hazırda tam söndürmə əməliyyatı aparılır.
Yanğının başvermə səbəbi hələlik açıqlanmayıb. Hadisə ilə bağlı müvafiq qurumların araşdırma aparacağı gözlənilir. Ərazidə təhlükəsizlik tədbirləri davam etdirilir.










