EvDünyaMeksikoda DÇ-2026 öncəsi gərginlik artır: etirazlar, yanğınlar və yarımçıq layihələr

Meksikoda DÇ-2026 öncəsi gərginlik artır: etirazlar, yanğınlar və yarımçıq layihələr

2026-cı il futbol üzrə dünya çempionatının startına sayılı günlər qaldığı bir vaxtda Meksikanın paytaxtı Mexiko ciddi sosial gərginliklə üz-üzə qalıb. ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi mundial ərəfəsində şəhərin müxtəlif nöqtələrində keçirilən etiraz aksiyaları və davam edən tikinti işləri gündəlik həyatı çətinləşdirib.

Paytaxtın mərkəzi hissəsində müəllim həmkarlar ittifaqlarının təşkil etdiyi kütləvi aksiyalar artıq bir neçə gündür davam edir. Nümayişçilər əməkhaqlarının artırılmasını, eləcə də sosial təminat və pensiya sahəsində qəbul olunmuş bəzi dəyişikliklərin yenidən nəzərdən keçirilməsini tələb edirlər. Etirazçılar bir sıra əsas magistralları bağlayaraq şəhərdə nəqliyyatın hərəkətinə ciddi təsir göstəriblər.

Etirazlar zamanı yanğınlar və qarşıdurmalar yaşanıb

Aksiyalar zamanı gərginlik daha da artıb. Nümayiş iştirakçıları təhsil sahəsinə cavabdeh dövlət qurumlarından birinin binasında yanğın törədiblər. Bundan əvvəl isə paytaxtın mərkəzində azarkeşlər üçün yaradılan xüsusi fan-zonaya daxil olmaq cəhdləri qeydə alınıb. Hadisələr zamanı polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Şəhərin bəzi yerlərində dünya çempionatı münasibətilə quraşdırılmış futbolçu heykəlləri aşırılıb və üzərlərinə müxtəlif şüarlar yazılıb. Aksiyaları təşkil edən həmkarlar ittifaqları isə bu vandalizm hallarında iştirak etmədiklərini bildirərək məsuliyyəti üzərlərinə götürməyiblər.

Mundial yaxınlaşır, tikinti işləri isə davam edir

Etirazlarla yanaşı, Mexikoda infrastruktur layihələrinin tam başa çatmaması da diqqət çəkir. Şəhərin əsas prospektlərində, metro xətlərində və beynəlxalq hava limanı ərazisində təmir və yenidənqurma işləri hələ də davam edir. Bu vəziyyət mundial zamanı milyonlarla azarkeşin qəbuluna hazırlıqla bağlı suallar yaradır.

Müəllimlər ittifaqı hökumətlə razılıq əldə olunmayacağı təqdirdə aksiyaların dünya çempionatı başladıqdan sonra da davam edəcəyini açıqlayıb. Eyni zamanda, təqaüddə olan hakimlər və məhkəmə işçiləri də pensiya sistemində dəyişiklik tələbi ilə etirazlara qoşulublar.

Qeyd edək ki, DÇ-2026 iyunun 11-də start götürəcək. Turnirin açılış matçı məhz Mexikoda keçiriləcək və ev sahibi Meksika yığması Cənubi Afrika Respublikası ilə üz-üzə gələcək.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər