2026-cı il dünya çempionatının ilk turunda Şimali Amerika təmsilçiləri fərqli nəticələrlə yadda qalıblar. Ev sahibi Kanadanın Bosniya və Herseqovina ilə qarşılaşması heç-heçə başa çatdığı halda, ABŞ millisi Paraqvay üzərində inamlı qələbə qazanaraq turnirə uğurlu start verib.
Toronto şəhərindəki BMO Field stadionunda keçirilən B qrupunun oyununda Kanada və Bosniya və Herseqovina yığmaları hərəyə bir qol vuraraq meydandan 1:1 hesablı bərabərliklə ayrılıblar. Qarşılaşmada hesabı qonaqlar açıblar. Matçın 21-ci dəqiqəsində Sead Kolaşinaçın künc zərbəsindən ötürməsini Yovo Lukiç başla qapıya göndərərək komandasını önə keçirib.
Kanada yığması fasilədən sonra təzyiqi artırıb və 78-ci dəqiqədə istəyinə çatıb. Promis Devidin məhsuldar ötürməsindən sonra Kayl Larin dəqiq zərbə ilə hesabı bərabərləşdirib. Bosniya millisinin qapısını vaxtilə Ukraynanın “Zorya” klubunda çıxış etmiş Nikola Vasil qoruyub.
ABŞ-dan Paraqvaya dörd qolluq cavab

D qrupunda isə ABŞ millisi doğma azarkeşləri önündə möhtəşəm oyun nümayiş etdirib. Kaliforniya ştatının İnqlvud şəhərində yerləşən “SoFi Stadium”da keçirilən qarşılaşmada amerikalılar Paraqvayı 4:1 hesabı ilə məğlub ediblər.
Matçın əvvəlində Damian Bobadilyanın avtoqolu ABŞ-ı önə çıxarıb. Daha sonra Florian Baloqun iki dəfə fərqlənərək ilk hissədə hesabı 3:0-a çatdırıb. İkinci hissədə Maurisio paraqvaylıların yeganə qolunu vuraraq fərqi azaltsa da, əlavə vaxtın səkkizinci dəqiqəsində Covanni Reyna möhtəşəm zərbə ilə yekun nəticəni müəyyənləşdirib.
Bu nəticələrdən sonra B qrupunda Kanada və Bosniya və Herseqovina hərəyə 1 xal qazanıblar. Qrupun digər iştirakçıları İsveçrə və Qətər isə ilk oyunlarını keçirməyiblər.

D qrupunda isə ABŞ ilk turdan sonra liderliyə yüksələrək mundiala iddialı başladığını nümayiş etdirib.






