İyunun 7-də raket hücumu Yaxın Şərqdə gərginliyi yenidən artırıb. İki aya yaxın davam edən nisbi atəşkəsdən sonra baş verən hadisələr regionda yeni qarşıdurma ehtimalları ilə bağlı narahatlıqları gücləndirib.
Videosüjetdə qeyd edilir ki, iyunun 7-si axşam saatlarında İran ərazisinin müxtəlif bölgələrindən İsrail istiqamətində çoxsaylı raketlər buraxılıb. Tehran İsrail ordusunun Livanda “Hizbullah”a qarşı həyata keçirdiyi əməliyyatlara cavab olaraq İsrailin şimal bölgələrini, o cümlədən Hayfa ətrafını hədəfə alıb. İran tərəfi daha əvvəl də bəyan etmişdi ki, əgər İsrail Beyruta hücum edərsə, buna hərbi cavab veriləcək.
Bu barədə “Azad İran”ın hazırladığı videosüjetdə ətraflı bəhs olunur:
İran rəsmiləri hesab edir ki, ABŞ ilə mümkün uzunmüddətli razılaşma yalnız Livandakı vəziyyətin və “Hizbullah” məsələsinin nəzərə alınması halında mümkün ola bilər. Tehran təşkilatı özünün əsas regional müttəfiqlərindən biri hesab edir və onun maraqlarının qorunmasının vacibliyini vurğulayır.
İranın Ali Liderinin müşaviri və SEPAH-ın keçmiş baş komandanı Möhsün Rzayi bildirib:
“Hizbullah son müharibədə böyük fədakarlıqlar göstərib və bizim müttəfiqimizdir. Buna görə də biz Hizbullaha dəstək veririk və onun qarşısında öhdəliklərimizə sadiq qalacağıq”.
Məlumata görə, SEPAH tərəfindən İsrail istiqamətində dörd dalğa şəklində ümumilikdə 23 ballistik raket buraxılıb.
Münaqişənin yenidən alovlanması narahatlıq yaradır
İranın hücumlarından qısa müddət sonra İsrail ordusu da ölkənin qərb və mərkəzi hissələrində yerləşən hərbi obyektlərə zərbələr endirdiyini açıqlayıb. Qarşılıqlı hücumlar regionda genişmiqyaslı müharibə ehtimalları ilə bağlı narahatlıqları artırıb.
Beynəlxalq müşahidəçilər hadisələri diqqətlə izləyərkən, ABŞ prezidenti Donald Trampın prosesə müdaxiləsi və İsrailin baş naziri Benyamin Netanyahu ilə apardığı danışıqlar gərginliyin müvəqqəti azalmasına təsir göstərib. Lakin ekspertlər hesab edirlər ki, tərəflər arasında fundamental ziddiyyətlər qalmaqda davam edir və atəşkəsin nə qədər davam edəcəyi hələ də açıq sual olaraq qalır.





