Dietoloqlar axşam saatlarında düzgün qidalanmanın şəkər səviyyəsinin stabil qalmasına ciddi təsir göstərdiyini bildirirlər. Mütəxəssislərin fikrincə, xüsusilə diabetdən əziyyət çəkən insanlar üçün axşam yeməyi həm toxluq hissi yaratmalı, həm də qanda qlükozanın kəskin artmasının qarşısını almalıdır.
Mütəxəssislər qeyd edir ki, axşam rasionunda lif, zülal və faydalı yağlarla zəngin məhsullar üstünlük təşkil etməlidir. Bu kombinasiya karbohidratların daha yavaş mənimsənilməsinə və şəkərin balanslı qalmasına kömək edir.
Axşam yeməyi üçün ən faydalı məhsullar
Dietoloqların tövsiyə etdiyi əsas məhsullar bunlardır:
- Brokoli, ispanaq, kahı və qulançar kimi nişastasız tərəvəzlər;
- Somon, forel və ton balığı kimi yağlı balıq növləri;
- Avokado;
- Qoz, badam və digər çərəzlər;
- Extra virgin zeytun yağı.
Mütəxəssislər bildirirlər ki, tərəvəzlər boşqabın ən az yarısını təşkil etməlidir. Liflə zəngin bu məhsullar toxluq hissini uzadır və gecə saatlarında aclığın qarşısını alır.
Yağlı balıqlardakı omeqa-3 yağ turşuları isə insulin həssaslığını yaxşılaşdırmağa və ürək sağlamlığını qorumağa kömək edir. Avokado və çərəzlərdə olan faydalı yağlar da qlükozanın qana daha tədricən keçməsinə şərait yaradır.
Axşam karbohidratdan tam imtina etmək olmaz
Dietoloqlar axşam saatlarında karbohidratları tamamilə rasiondan çıxarmağın düzgün olmadığını vurğulayırlar. Onların sözlərinə görə, tam taxıllı məhsullara üstünlük vermək və porsiya ölçüsünə nəzarət etmək daha vacibdir.
Araşdırmalar göstərir ki, yeməkdən sonra cəmi 10 dəqiqəlik yüngül gəzinti belə qanda şəkərin səviyyəsinə müsbət təsir göstərə bilər. Bu səbəbdən mütəxəssislər axşam yeməyindən sonra qısa fiziki aktivliyi də faydalı hesab edirlər.





