Milli Məclis İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişiklikləri üçüncü oxunuşda qəbul edib. Qanunvericiliyə nəzərdə tutulan yeniliklər bir sıra sahələrdə məsuliyyət tədbirlərinin sərtləşdirilməsini və yeni cərimələrin tətbiqini nəzərdə tutur.
Dəyişikliklərə əsasən, narkoloji xəstə olduğu tibbi rəy ilə təsdiqlənmiş şəxslərin fəaliyyət məhdudiyyəti tətbiq olunan peşə və vəzifələrə işə götürülməsi və ya həmin şəxslərlə əmək münasibətlərinin davam etdirilməsi hallarında vəzifəli şəxslər 3 min manat məbləğində cərimələnəcəklər.
Bundan başqa, qanunla tələb olunan tibbi arayış və ya tibbi müayinə rəyi olmadan işçilərin müəyyən vəzifələrə qəbuluna görə vəzifəli şəxslər üçün 1 000 manat cərimə müəyyən edilib.
Yeni dəyişikliklər çərçivəsində aşağıdakı inzibati məsuliyyət tədbirləri də nəzərdə tutulur:
• Ağacların kəsilməsi ilə bağlı məlumatlandırma proseduru zamanı yalan və ya təhrif olunmuş məlumat təqdim edən fiziki şəxslər – 500 manat, vəzifəli şəxslər – 3 000 manat, hüquqi şəxslər isə – 5 000 manat cərimə ediləcək.
• Maliyyə lizinqi fəaliyyəti ilə bağlı hesabatları Mərkəzi Banka təqdim etməyən və ya düzgün təqdim etməyən qurumların vəzifəli şəxsləri 1 000-1 500 manat, hüquqi şəxslər isə 3 000-5 000 manat aralığında cərimələnəcək.
• Fermerlər və tədarükçülər kənd təsərrüfatı məhsulları, istixanalar, soyuducu anbarlar və taxıl elevatorları barədə tələb olunan məlumatları informasiya sisteminə vaxtında daxil etmədikdə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 500 manat cərimə ödəyəcəklər.
• Ərzaq məhsullarının istehsalı, emalı, saxlanılması, idxalı, ixracı və satışı ilə məşğul olan subyektlərin rəsmi sorğulara 15 iş günü ərzində cavab verməməsi də cərimə ilə nəticələnəcək. Bu halda vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 500 manat məbləğində cərimələnəcək.
Yeni qaydalara əsasən, inzibati xəta bir il ərzində təkrar törədilərsə, fiziki şəxslər 200 manat, vəzifəli şəxslər 400 manat, hüquqi şəxslər isə 1 000 manat cərimə ödəməli olacaqlar.
Eyni zamanda qanun layihəsində güzəşt mexanizmi də nəzərdə tutulub. Əgər inzibati xəta törədən şəxs pozuntunun yaranmasına səbəb olan halları 10 iş günü ərzində aradan qaldırarsa, inzibati məsuliyyətdən azad edilə bilər. Bu müddət ərzində həmin əmələ görə yenidən məsuliyyət tədbiri tətbiq olunmayacaq.
Qəbul edilən dəyişikliklərin dövlət nəzarətinin gücləndirilməsi, məlumatların daha operativ toplanması və müxtəlif sahələrdə qanunvericiliyin icrasının effektivliyinin artırılmasına xidmət etdiyi bildirilir.





