ABŞ və İran arasında müzakirə olunan yeni memorandumun məzmununa dair bəzi məqamlar məlum olub. Məlumata görə, sənəd Tehranın nüvə proqramı ilə bağlı yekun həll variantlarını deyil, tərəflər arasında danışıqların davam etdirilməsi üçün hüquqi və texniki çərçivəni müəyyənləşdirir.
Böyük Britaniyanın “The Guardian” nəşrinin diplomatik mənbəyə istinadən yaydığı məlumata əsasən, memorandumda nə nüvə proqramı, nə də İranın dondurulmuş xarici aktivləri ilə bağlı konkret razılaşmalar yer alıb. Sənəd əsasən danışıqlar prosesinin növbəti mərhələsinə keçidi təmin edəcək mexanizmləri əhatə edir.
Sənəd yekun razılaşma deyil
Nəşrin həmsöhbəti bildirib ki, memorandumda Hörmüz boğazının minalardan təmizlənməsi ilə bağlı müəyyən vaxt çərçivələrinin əks olunması da mümkündür. Eyni zamanda, ABŞ tərəfinin bu proses tam yekunlaşana qədər İran üzərində dəniz məhdudiyyətlərinin saxlanılmasını istədiyi qeyd edilir.
Mənbənin sözlərinə görə, sənədin əsas parametrləri bir neçə həftə əvvəl razılaşdırılsa da, yekun nəticəyə nail olunacağına dair zəmanət yoxdur. Diplomat danışıqların uğurla başa çatması ehtimalını təxminən 50 faiz səviyyəsində qiymətləndirib.
Mənbə vurğulayıb ki, prosesin qarşısında hələ də ciddi maneələr qalmaqdadır və tərəflər arasında bütün məsələlər üzrə ortaq mövqe formalaşmayıb. Buna görə də memorandumun imzalanması avtomatik olaraq genişmiqyaslı sazişin əldə olunacağı anlamına gəlmir.





