2026-cı il dünya çempionatının ilk turunda C və D qruplarında keçirilən görüşlər fərqli ssenarilərlə yadda qalıb. Şotlandiya Haiti səddini minimal hesabla keçərək vacib qələbə qazanıb, Avstraliya isə Türkiyə millisini məğlub edərək turun ən diqqətçəkən nəticələrindən birinə imza atıb.
ABŞ-ın Foksboro şəhərindəki “Boston Stadium”da keçirilən Haiti – Şotlandiya qarşılaşması sərt mübarizə şəraitində keçib. Oyun ərzində komandalar tez-tez qayda pozuntularına yol veriblər və hakim ümumilikdə 44 dəfə fit çalmalı olub.
Görüşün taleyini isə cəmi bir epizod həll edib. Şotlandlar 28-ci dəqiqədə irəli çıxıblar. Con Makginnin cərimə meydançası yaxınlığından vurduğu zərbə müdafiəçiyə toxunduqdan sonra istiqamətini dəyişərək qapıya daxil olub.
Haiti fasilədən sonra daha fəal təsir bağışlasa da, hesabı bərabərləşdirə bilməyib. Şotlandiya yığması üstünlüyünü qoruyaraq mundiala qələbə ilə start verib.
Haiti – Şotlandiya 0:1
Qol: Con Makginn, 28
DÇ-2026, C qrupu, I tur

Avstraliya favorit sayılan Türkiyəni dayandırdı

Vankuverdə keçirilən Avstraliya – Türkiyə oyunu isə gözlənilməz nəticə ilə yekunlaşıb. Turnirə iddialı başlayan türklər rəqibin təşkilatlanmış oyunu qarşısında çətinlik çəkiblər.
Avstraliya ilk hissədə sürətli əks-hücumların bəhrəsini görüb. 27-ci dəqiqədə Oukun dəqiq ötürməsini dəyərləndirən Nestori İrankunda müdafiəni geridə qoyaraq hesabı açıb.
Topa daha çox sahib olan Türkiyə təhlükəli hücumlar qurmaqda çətinlik yaşayıb. İkinci yarıda riskləri artıran Avropa təmsilçisi arxada boşluqlar verib və bunun cəzasını çəkib. 75-ci dəqiqədə Konor Metkalf əks-hücumu dəqiq zərbə ilə tamamlayaraq fərqi iki topa çatdırıb.
Avstraliya – Türkiyə 2:0
Qollar: İrankunda, 27; Metkalf, 75
DÇ-2026, D qrupu, I tur






