Dövlət İmtahan Mərkəzinin (DİM) 2025/2026-cı tədris ilinin qəbul və buraxılış imtahanlarının nəticələrinə dair hazırladığı elmi-statistik hesabat təhsil sahəsində narahatedici mənzərəni ortaya qoyub. “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc olunan məlumatlara əsasən, orta statistik məzun məktəb proqramının əhəmiyyətli hissəsini lazımi səviyyədə mənimsəyə bilmir.
Hesabatda ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri Azərbaycan və rus bölmələri üzrə ayrıca təhlil edilib. Nəticələr göstərir ki, bir çox fənlər üzrə düzgün cavab faizi hələ də aşağı səviyyədə qalır.
Orta statistik abituriyentin nəticələri aşağıdakı kimi olub:
| Fənn | Azərbaycan bölməsi (%) | Rus bölməsi (%) |
|---|---|---|
| Tədris dili (I mərhələ) | 57,05 | 54,20 |
| Riyaziyyat (I mərhələ) | 31,38 | 34,08 |
| İngilis dili (I mərhələ) | 43,59 | 59,60 |
| Tədris dili (II mərhələ) | 56,75 | 53,36 |
| Ədəbiyyat | 55,18 | 48,41 |
| Riyaziyyat (II mərhələ) | 28,96 | 29,81 |
| Fizika | 36,27 | 34,39 |
| Kimya | 30,36 | 31,83 |
| Biologiya | 53,66 | 47,92 |
| Tarix | 29,26 | 24,36 |
| İnformatika | 37,94 | 34,06 |
| Coğrafiya | 25,99 | 23,01 |
Göstəricilərdən görünür ki, əksər fənlər üzrə düzgün cavabların payı 23-60 faiz arasında dəyişir. Xüsusilə riyaziyyat, tarix və coğrafiya üzrə nəticələr diqqət çəkir.
Problemin həlli üçün hansı addımlar vacibdir?
DİM-in təhlilinə əsasən, qəbul imtahanlarında iştirak edənlər artıq məktəbi bitirmiş və müəyyən seçim mərhələsindən keçmiş şagirdlərdir. Buna baxmayaraq, nəticələr orta statistik məzunun tədris proqramının təxminən 40-77 faizini tam mənimsəmədiyini göstərir.
Hesabatda qeyd olunur ki, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün müəllim hazırlığının müasir elmi əsaslarla təkmilləşdirilməsi, ali məktəblərdə pedaqoji kadrların hazırlıq səviyyəsinin artırılması və yeni tədris metodlarının daha geniş tətbiqi vacibdir. Eyni zamanda yüksək nəticə göstərən məktəblərin və müəllimlərin uğurlu təcrübəsinin öyrənilməsi və yayılması da prioritet istiqamətlərdən biri hesab olunur.





