NASA Marsın tədqiqi ilə bağlı yeni və iddialı layihəsini elan edib. Agentlik keçmiş Google rəhbəri Erik Şmidtin nəzarətinə keçən Relativity Space şirkətini “Aeolus” adlı yeni elmi missiyanın əsas podratçısı seçib. Layihə çərçivəsində şirkət həm kosmik aparatı hazırlamalı, həm onu orbitə çıxarmalı, həm də Mars ətrafına çatdırmalıdır.
NASA-nın planına görə, missiya Qırmızı planetin atmosferini daha dəqiq öyrənməyə imkan verəcək. “Aeolus” orbiterində yerləşdiriləcək dörd elmi cihaz Marsda toz fırtınaları, külək axınları və temperatur dəyişikliklərini gündəlik izləyəcək. Agentlik hesab edir ki, bu məlumatlar gələcəkdə Marsa göndəriləcək robot aparatların və insan missiyalarının təhlükəsizliyinin artırılmasında mühüm rol oynayacaq.

NASA rəhbəri Cared Ayzekman layihənin dövlət və özəl sektor əməkdaşlığının növbəti nümunəsi olduğunu vurğulayıb:
“NASA-nın elmi potensialını kommersiya innovasiyaları ilə birləşdirməklə daha çox məlumat əldə edə və gələcək insan missiyalarına hazırlığı sürətləndirə bilərik”.
Missiyanın 2028-ci ildə start götürməsi nəzərdə tutulur. Bu isə Relativity Space qarşısında olduqca çətin vəzifə qoyur. Şirkət həmin vaxta qədər həm Mars aparatını, həm də onu kosmosa daşımalı olan Terran R raketini tam hazır vəziyyətə gətirməlidir.
Şmidt Maskı qabaqlaya bilər
2015-ci ildə keçmiş SpaceX və Blue Origin mühəndisləri tərəfindən yaradılan Relativity Space 3D çap texnologiyası ilə raket istehsalını ucuzlaşdırmağı hədəfləyirdi. Şirkətin ilk raketi Terran 1 2023-cü ildə orbitə çata bilməsə də, sonradan bütün diqqət daha böyük Terran R layihəsinə yönəldilib.
Maliyyə problemlərindən sonra Erik Şmidt şirkətdə nəzarət paketini əldə edərək rəhbərliyə gəlib. İndi isə yeni NASA müqaviləsi ona kosmik sənayedə böyük sıçrayış etmək imkanı yarada bilər.
Maraqlıdır ki, İlon Mask uzun illərdir Mars planlarından danışsa da, SpaceX hələ bu planetə özəl missiya göndərməyib. Əgər “Aeolus” planlaşdırıldığı kimi 2028-ci ildə yola düşsə, Relativity Space Marsa çatan ilk özəl missiyanın müəllifi ola bilər.





