BBC-nin məlumatına görə, Böyük Britaniyanın Baş naziri Kir Starmer vəzifəsindən getmək qərarını açıqlayıb. O, jurnalistlər qarşısında çıxışı zamanı Leyboristlər Partiyasının lideri postundan istefa verəcəyini bəyan edib.
Starmer bildirib ki, hökumətə rəhbərlik etdiyi iki il ərzində ölkənin iqtisadiyyatına və müdafiə sektoruna inamın bərpası istiqamətində mühüm addımlar atılıb. Bununla yanaşı, o, partiya daxilində gələcək seçkilərlə bağlı yaranan mövqeni qəbul etdiyini vurğulayıb.
Baş nazir çıxışında belə deyib: “Mən Leyboristlər Partiyasının lideri vəzifəsindən istefa verəcəyəm”.
Onun sözlərinə görə, səhər saatlarında Böyük Britaniya kralı III Çarlzla telefon danışığı aparıb və qərarı barədə monarxı məlumatlandırıb. Starmer qeyd edib ki, parlament fraksiyasının onun növbəti ümumi seçkilərdə partiyanın ən uyğun lideri olub-olmaması ilə bağlı mövqeyini hörmətlə qarşılayır.
Yeni lider seçilənədək vəzifədə qalacaq
Kir Starmer bildirib ki, Leyboristlər Partiyası yeni liderini müəyyən edənədək hökumət başçısı kimi fəaliyyətini davam etdirəcək. O, istefa qərarını şəxsi məğlubiyyət kimi deyil, partiyanın iradəsinə hörmətin göstəricisi kimi qiymətləndirib.
Baş nazir iki illik fəaliyyətinin yekunlarını dəyərləndirərkən Ukraynaya göstərilən dəstəyi də hökumətinin əsas nailiyyətlərindən biri kimi qeyd edib. Onun sözlərinə görə, Londonun Kiyevə verdiyi siyasi və hərbi dəstək Britaniyanın xarici siyasətində mühüm yer tutub.
Son aylarda Starmerin reytinqində eniş müşahidə olunurdu. Britaniya mediasında yayılan məlumatlara əsasən, partiya daxilində artan narazılıq, bir sıra siyasi qalmaqallar və çoxsaylı deputatların təzyqi onun mövqeyini zəiflətmişdi. Eyni zamanda, Leyboristlər Partiyasında nüfuzu artan siyasətçi Endi Börnemin adı mümkün varislər sırasında hallandırılır.
Buna baxmayaraq, Starmer yeni lider seçilənə qədər ölkə hökumətinə rəhbərlik etməyə davam edəcəyini vurğulayıb.





