Yay mövsümünün başlaması ilə əlaqədar ölkənin sahilyanı ərazilərində aparılan monitorinqlər nəticəsində bir sıra çimərliklərdə dəniz suyunun keyfiyyəti ilə bağlı narahatedici göstəricilər aşkarlanıb. Bu səbəbdən bəzi ərazilərdə çimməyə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Səhiyyə qurumlarının məlumatına görə, əhalinin istirahəti üçün istifadə olunan çimərliklərdə sanitariya vəziyyətinin qiymətləndirilməsi və dəniz suyunun keyfiyyətinə nəzarət məqsədilə il ərzində müntəzəm yoxlamalar həyata keçirilir. İlin əvvəlindən aylıq qaydada aparılan monitorinqlər may ayından etibarən daha intensiv xarakter alaraq həftəlik əsasda davam etdirilir.
Götürülən su nümunələri laborator şəraitdə həm fiziki-kimyəvi, həm də mikrobioloji göstəricilər üzrə yoxlanılır. Bundan əlavə, yay mövsümündə dəniz suyunda xüsusi təhlükəli yoluxucu xəstəliklərin mövcudluğunu müəyyən etmək üçün əlavə laborator analizlər də aparılır.
Bu çimərliklərdə məhdudiyyət tətbiq olunub
Laborator araşdırmaların nəticələri göstərib ki, bəzi sahilyanı ərazilərdə dəniz suyunun keyfiyyəti qüvvədə olan sanitariya tələblərinə cavab vermir. Mütəxəssislər bunu əsasən tullantı və çirkab sularının sanitariya-mühafizə zonalarına təsiri ilə əlaqələndirirlər.
Məhdudiyyət tətbiq edilən çimərliklər bunlardır:
- Xəzər rayonu – Türkan çimərliyi
- Suraxanı rayonu – Hövsan çimərliyi
- Səbail rayonu – Şıx çimərliyi
- Qaradağ rayonu – Sahil qəsəbəsi çimərliyi
- Lənkəran şəhəri – Aşağı Nüvədi çimərliyi
- Lənkəran şəhəri – Sütəmurdov çimərliyi
- Lənkəran şəhəri – Kiçik Bazar sahil zonası
- Xaçmaz rayonu – Niyazoba çimərliyi
Mövcud vəziyyət nəzərə alınaraq, həmin ərazilərdə yerləşən rəsmi və qeyri-qanuni çimərlik sahələrində dəniz suyundan istifadə müvəqqəti olaraq məhdudlaşdırılıb. Bununla bağlı aidiyyəti icra hakimiyyətləri, hüquq-mühafizə orqanları, Fövqəladə Hallar Nazirliyi və digər dövlət qurumları məlumatlandırılıb.
Səhiyyə qurumları vətəndaşlara yalnız istifadəsinə icazə verilən çimərliklərə üstünlük verməyi, təhlükəsizlik qaydalarına əməl etməyi və rəsmi xəbərdarlıqları diqqətlə izləməyi tövsiyə edir. Bildirilir ki, yay mövsümü ərzində monitorinqlər davam etdiriləcək və nəticələr barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.





