Venesuelada baş verən dağıdıcı zəlzələlərin nəticələri ağırlaşmaqda davam edir. Son rəsmi məlumata əsasən, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 589 nəfərə çatıb, minlərlə insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Axtarış-xilasetmə əməliyyatları ölkənin ən çox zərər görmüş bölgələrində fasiləsiz davam etdirilir.
Səlahiyyətli prezident Delsi Rodriqes bildirib ki, hazırkı məlumata görə, 2 980 nəfər yaralanıb. Onun sözlərinə görə, əsas zəlzələlərdən sonra ölkə ərazisində 214 afterşok qeydə alınıb ki, bu da xilasedicilərin işini daha da çətinləşdirir.
BMT-nin ilkin qiymətləndirməsinə əsasən, təbii fəlakət təxminən 6,76 milyon nəfərə təsir göstərib. Ən ciddi dağıntılar Karakas və La-Quayra şəhərlərində qeydə alınıb. Yüzlərlə bina zədələnib və ya tamamilə dağılıb, bir sıra yaşayış məntəqələrində infrastruktur iflic vəziyyətinə düşüb.
Rəsmi qurumların məlumatına görə, 157 nəfər itkin düşmüş hesab olunur, 200-ə yaxın insanın isə hələ də dağıntılar altında qaldığı ehtimal edilir. Zəlzələlər nəticəsində 2 927-dən çox ailə zərər çəkib, 250 bina və 8 xəstəxana müxtəlif səviyyələrdə dağılıb.
Ən ağır vəziyyət La-Quayrada müşahidə olunur. Burada 100-dən çox binanın çökməsi səbəbindən 11 500-dən artıq xilasedici və təhlükəsizlik əməkdaşı axtarış əməliyyatlarına cəlb edilib.
El Salvador və Dominikan Respublikası artıq xilasetmə qrupları göndərib, ABŞ isə humanitar əməliyyatların sürətləndirilməsi üçün sanksiyalarda müvəqqəti güzəştlər tətbiq edərək 150 milyon dollar yardım ayırdığını açıqlayıb. Zəlzələ paytaxtın əsas hava limanının fəaliyyətinə də təsir göstərib və bir sıra beynəlxalq aviareyslər ləğv olunub.






