Süni intellekt və yüksək dəqiqlikli görüntüləmə texnologiyalarının köməyi ilə alimlər təxminən iki min il əvvəl Vezuv vulkanının püskürməsi zamanı kömürləşmiş qədim Roma papirusunu ilk dəfə tam oxumağa nail olublar.
Bu uğurdan sonra layihə iştirakçıları yeni çağırış elan edərək digər bağlı əlyazmalardan birini tam deşifrə edəcək şəxs və ya komandaya 1 milyon dollar mükafat veriləcəyini açıqlayıblar.
Süni intellekt qədim kitabxananın sirlərini açır
Tədqiqatçılar kövrək papiruslara toxunmadan onları “virtual şəkildə açmaq” üçün kompüter tomoqrafiyası, süni intellekt və xüsusi alqoritmlərdən istifadə ediblər. Bu üsul mətnin qat-qat oxunmasına imkan verir və qiymətli artefaktların zədələnməsinin qarşısını alır.
Layihənin həmtəsisçisi, Kentukki Universitetinin professoru Brent Sils bildirib:
“Cəmi bir il əvvəl yüzlərlə sütundan ibarət bütöv bir əlyazmanın heç bir fiziki müdaxilə olmadan tam oxunacağına inanmaq çətin idi. Bu gün isə bunun mümkün olduğunu sübut etdik.”
Hazırda təxminən 45 papirus rulonu və fraqmenti yüksək dəqiqliklə skan edilib. Bununla belə, Herkulanum kitabxanasında hələ də açılmamış 600-dən çox əlyazma qalır. Alimlər hesab edirlər ki, qazıntılar davam etdikcə yeni tapıntılar da üzə çıxa bilər.
Yeni mətnlər qədim fəlsəfəyə işıq salır
Son araşdırmalar zamanı epikürçü filosof Filodemin “Qüsurlar haqqında, I kitab” əsərindən 70 sütun mətn bərpa olunub. Bundan başqa, eramızdan əvvəl III–II əsrlərə aid edilən və kolleksiyanın ən qədim papirusu sayılan əlyazmadan təxminən 1,5 metr uzunluğunda mətn oxunub. Burada etika, incəsənət və insan davranışı ilə bağlı fəlsəfi mülahizələr yer alır.
Layihənin aparıcı papirusşünası Federika Nikolardi bildirib ki, yeni texnologiya tarixşünaslıq üçün dönüş nöqtəsidir:
“Əvvəllər əlyazmaları fiziki şəkildə açmaq onların zədələnməsi bahasına başa gəlirdi. Virtual açma texnologiyası sayəsində artıq bu nadir artefaktları həm qorumaq, həm də oxumaq mümkündür.”
Tədqiqatçılar qeyd edirlər ki, son sutka ərzində bir papirus tam virtual şəkildə açılıb və təxminən 140 yeni mətn sütunu əldə olunub. Bu nəticə qədim Herkulanum kitabxanasının gələcəkdə tam oxuna biləcəyinə dair ümidləri daha da artırır.





