Hyustondakı NRG Stadiumunda keçirilən Braziliya – Yaponiya qarşılaşması son anadək gərgin mübarizə şəraitində keçdi. İlk hissədə hesabı Asiya təmsilçisi açdı. Sano 29-cu dəqiqədə fərqlənərək komandasını önə keçirdi və Yaponiya fasiləyə 1:0 üstün yollandı.
İkinci hissədə Karlo Ançelottinin yetirmələri təşəbbüsü tam ələ aldı. 56-cı dəqiqədə Kazemiro hesabı bərabərləşdirdi və oyuna tarazlıq gətirdi. Matç artıq əlavə vaxta gedəcək kimi görünsə də, 90+5-ci dəqiqədə Bruno Gimarayeşin dəqiq ötürməsini Qabriel Martinelli qola çevirərək Braziliyaya 2:1 hesablı dramatik qələbə qazandırdı.
Bu nəticədən sonra Braziliya 1/8 finala yüksəldi və növbəti mərhələdə Norveç – Kot-d’İvuar cütünün qalibi ilə qarşılaşacaq.
Braziliya – Yaponiya – 2:1
Paraqvay Almaniyanı penaltilərdə şoka saldı

Foksboroda keçirilən Almaniya – Paraqvay oyunu mundialın ən böyük sensasiyalarından biri ilə yadda qaldı. Paraqvay ilk hissənin sonlarında Xulio Ensisonun qolu ilə hesabı açdı və fasiləyə 1:0 üstün yollandı.
İkinci hissənin əvvəlində Kay Haverts fərqlənərək Almaniyanın ümidlərini qaytardı və hesab 1:1 oldu. Əlavə vaxtda hər iki komanda qalibiyyət qolunu axtarsa da, 102-ci dəqiqədə Conatan Tanın vurduğu top Valdemar Antonun qapıçı Orlando Xilə qarşı qayda pozuntusu səbəbindən VAR yoxlanışından sonra ləğv edildi.
Qalib penaltilər seriyasında müəyyənləşdi. Burada Paraqvay futbolçuları daha soyuqqanlı oynayaraq 4:3 hesabı ilə qalib gəldilər və Almaniyanı turnirdən kənarlaşdırdılar. Paraqvay 1/8 finalda Fransa – İsveç cütünün qalibi ilə qarşılaşacaq.
Almaniya – Paraqvay – 1:1 (pen. 3:4)
Mərakeş Niderlandı penaltilərlə mübarizədən kənarlaşdırdı

Monterreydə keçirilən Niderland – Mərakeş qarşılaşması da dramatik sonluqla yadda qaldı. Uzun müddət qapılara qol vurulmasa da, 72-ci dəqiqədə Kodi Qakpo fərqlənərək Niderlandı hesabda önə çıxardı. Lakin Afrika təmsilçisi sonadək mübarizəni davam etdirdi və 90+1-ci dəqiqədə İssa Diopun qolu hesabı 1:1 etdi.
Əlavə vaxtda qalib müəyyənləşmədiyindən komandalar penaltilər seriyasına üz tutdular. Hər iki kollektiv ümumilikdə beş zərbəni dəqiq yerinə yetirə bilməsə də, daha uğurlu tərəf Mərakeş oldu. Afrika təmsilçisi penaltilərdə 3:2 hesabı ilə qalib gələrək adını 1/8 finala yazdırdı.
Mərakeş növbəti mərhələdə Kanada ilə qarşılaşacaq. Kanada əvvəlki oyunda Cənubi Afrika Respublikasını minimal hesabla məğlub edərək bu mərhələyə yüksəlmişdi.
Niderland – Mərakeş – 1:1 (pen. 2:3)





